DİM sədri: "İmtahanlarda xarici dilin olmasının əleyhinə idim"

"İlk növbədə gənc nəsil öz ana dilini mükəmməl bilməli, öz tarixini, milli-mənəvi dəyərlərini dərindən dərk etməlidir".
Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin( DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxışı zamanı bildirib. DİM sədri xarici dillə bağlı mühüm məqamlara toxunub və əvvəllər xarici dilin imtahan proqrama salınmasının əleyhinə olduğunu deyib:
“Biz imtahan modelləri ilə bağlı təklifləri müzakirə edirdik. Və birinci təklifimiz Ana dili oldu. Çünki anlamağı bacarmayan şəxs ümumiyyətlə heç bir fənn üzrə demək olar ki, nəticə əldə edə bilməz. İkinci fənn isə riyaziyyatdır. Hamı üçün bu çox vacib bir sahədir və bu sahədə bizim gənclərimiz kifayət qədər biliklərə malik olmalıdırlar ki, həyatda özlərinə bir yol aça bilsinlər. Bəs üçüncü fənn hansı olmalı idi? Təkliflər müxtəlif idi və sözün doğrusu, üçüncü fənnin xarici dil olmasının mən əleyhinə idim. Çünki biz uzun illər öz ana dilimizə lazımi diqqəti yetirməmişik. İlk növbədə gənc nəsil öz ana dilini mükəmməl bilməli, öz tarixini, milli-mənəvi dəyərlərini dərindən dərk etməlidir”.
Məleykə Abbaszadə imtahanlara xarici dilin tətbiq olunmağının istəməməsini belə əsaslandırıb:
“Çünki məktəblərdə bu fənn tədris olunmamışdı və xarici dil üzrə heç bir qiymətləndirmə aparılmamışdı. Müəyyən məktəblərdə xarici dil fənni bir il keçirilirdi, iki il keçirilirdi, sonra müəllim yoxdur deyə fasilə olurdu. Belə halları çox görürdük və hesab edirdik ki, bunu tez bir zamanda dəyişmək çox çətin olacaq. Ona görə də bu fənni ümumi qiymətləndirməyə daxil etməməliyik. Buna o zamankı təhsil naziri Mikayıl Cabbarov etiraz etdi.
Onlar sifarişçidirlər, bizə bu imtahanı sifariş verdilər və tələb etdilər ki, xarici dili keçirin. Sözün doğrusu, mən inanmırdım ki, qısa zamanda burada hansısa nəticələrə nail ola biləcəyik. Mən indi deyə bilərəm ki, o zaman səhv etmişəm, bu mənim səhvim idi. Zaman göstərdi ki, o qərar düzgün qərar idi. Faktiki olaraq necə ki, riyaziyyat müasir dünyada hər bir gənc üçün müxtəlif qapıları aça bilən bir açardır, eyni zamanda xarici dili bilmək də hər bir gənc üçün əlavə bir açardır. Nə qədər çox açar varsa, demək, gənclər o qədər çox qapı aça biləcək – həm işə düzəlmək prosesində, həm də ümumiyyətlə həyatda inkişaf etmək baxımından”.
Bəsti Rəfizadə
Sfera.az
