Keçid balları ilə bağlı iddialar əsassızdır - EKSPERT

İlk buraxılış imtahanlarının keçirilməsinə baxmayaraq, bəzi ixtisaslar üzrə keçid ballarının indidən artacağı ilə bağlı səslənən fikirlər dəqiq əsaslara söykənmir.
Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Elmin Nuri deyib.
Onun sözlərinə görə, hazırda bəzi şəxslər müəyyən ixtisaslarda və ümumilikdə keçid ballarının artacağını iddia edirlər:
“Belə ki, nəzəri olaraq belə ehtimallar irəli sürmək mümkündür. Məsələn, əmək bazarında tələbatın artması səbəbindən informasiya texnologiyaları profilli ixtisaslarda keçid ballarının yüksəlməsi ehtimal edilə bilər. Bununla yanaşı, digər ixtisaslar üzrə keçid ballarının artıb-azalacağı barədə indidən konkret fikir söyləmək mümkün deyil. Çünki bu barədə dəqiq nəticə çıxarmaq üçün zəruri statistik məlumatlar hələ mövcud deyil”.

Elmin Nurinin sözlərinə görə, keçid ballarının necə dəyişəcəyini müəyyənləşdirmək üçün bir sıra göstəricilər bilinməlidir:
“Bunlara buraxılış imtahanlarının nəticələri və onların ümumi göstəricilərə təsiri, hər iki cəhd üzrə blok imtahanlarının nəticələri, ixtisaslar üzrə ayrılan plan yerlərinin sayı, həmin plan yerlərində dövlət sifarişi üzrə ayrılan pay, ixtisas seçiminə buraxılacaq abituriyentlərin sayı və konkret ixtisaslara ediləcək müraciətlərin miqdarı daxildir. Bu məlumatlar olmadan keçid ballarının artdığı və ya azaldığı barədə dəqiq fikir söyləmək mümkün deyil. Yalnız bütün bu statistik göstəricilər məlum olduqdan sonra ixtisaslar üzrə real vəziyyəti qiymətləndirmək mümkün olacaq”.
Firuzə Əliyeva
Sfera.az
