“Paltarlarını kəsərkən tir-tir əsirdi…” – Uşaq sığınacağında nə baş verir? - FOTO

"Paltarlarını kəsərkən tir-tir əsirdi..." – Uşaq sığınacağında nə baş verir? - FOTO
Kateqoriya məlum deyil
T

Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadənin fərdi təhsil alan uşaqlarla bağlı narazılığı ictimai müzakirəyə səbəb olub. Onun sosial media hesabındakı paylaşımında 16 yaşlı sığınacaq sakinlərinin fərdi təhsilə cəlb edilməməsi nəticəsində paltarlarını kəsdikləri qeyd olunub. 


Kəmalə Ağazadə bildirib ki, uzun müddət Bakı Şəhəri üzrə Təhsil İdarəsi və MÜTDA ilə aparılan yazışmalar nəticəsiz qalıb və uşaqların məktəbə yönləndirilməsi bir neçə dəfə yalan vədlərlə ləngidilib. Onun sözlərinə görə, bu gecikmələr artıq uşaqlarda ciddi psixoloji təzyiq yaradıb.


K.Ağazadə sosial şəbəkədə yazdığı statusda bildirib:


“14 noyabrda fərdi təhsilə getməli olan 3 sakinimizlə bağlı status paylaşmışdım. 17 noyabrda dedilər ki, həftənin 1-ci günündən gedəcəklər. Hər gün paltarlarını axşamdan hazırlayıb bizdən cavab gözləyirdilər… Cavab isə “hələ gözləyək” idi… Alın indi cavabınızı!!! 16 yaşlı 3-cü sinifə fərdi təhsilə gedəcək qızımız daha getməyəcək!!! Depressiv vəziyyətdədir artıq!!! Kəsib-doğrayıb paltarlarını… Bakı Şəhəri üzrə Təhsil İdarəsi, MÜTDA! Bu uşaq özünə nəsə etsə, yaxanız əlimdədir!!! Artıq heç nəyi gözüm görməyəcək!!!”.

 

Sfera.az-ın əməkdaşı Kəmalə Ağazadə ilə əlaqə saxlayıb məsələnin təfərrüatlarını öyrənib.


O bildirib ki, sığınacaqda yaşayan uşaqlar uzun müddətdir 246 saylı məktəbdə fərdi təhsil alıblar və bu proses problemsiz davam edib:


“Uşaqlarımızın fərdi təhsil məsələsi 2 il idi ki, tam həll olunmuşdu. Uşaqlar 246 saylı məktəbdə təhsillərini alırdılar. Bu il yeni tədris ili başlanmasından bir ay öncə Bakı Şəhər Təhsil İdarəsinə, MÜTDA-ya məktubla müraciət etdik. Müraciət uşaqların məktəbdən məktəbə fərdi təhsilinin yerdəyişməsi ilə bağlı idi”.


O qeyd edib ki, ötən dövrdə 7-yə yaxın məktub göndərilib və hər dəfə onlara eyni cavab verilib: “Oldu, gözləyin, baxılır”.


Ağazadə artıq yarımilliyin başa çatmasına az qalsa da, məsələyə rəsmi qərar verilmədiyini bildirib:


“Bir aydan sonra yarımilliyi bitir və bu uşaqlar onsuz da çox ağır həyatdan keçmiş uşaqlar olduğu halda, nəyə görə uşaqların qarşısında yalançı kimi görünürük? Nəyə görə keçən həftə mənə bildirildi ki, artıq 1-ci gündən uşaqlar gedəcək məktəbə? Uşaqlar da deyir ki, yenə bizi aldatdınız?”.


Kəmalə Ağazadə uşaqların oxumaq istədiyini, lakin bürokratik maneələrin onları ruhdan saldığını deyib:


“Paltarını kəsən uşaq oxuyan uşaqdır, ondan əlavə 1 uşağımız daha var ki, mən bu uşaqların gələcəkdə dövlətə necə töhfə verəcəklərini indidən görürəm. Bunun üçün onlar oxumalı, attestat almalıdırlar, davam etməlidirlər. Amma hər dəfə dövlət qurumlarının adekvat olmayan hərəkətləri uşaqlarda ümidsizlik yaradır. Uşaqlar düşünür ki, artıq onlar dövlətə lazım deyil, buna görə də təhsil almaqlarını istəmirlər. 
Paltarını kəsən uşaq tir-tir əsirdi. Biz bunu kamera qarşısında gördük. O, paltarlarını kəsdikcə tir-tir əsirdi. Sonra da biz deyirik ki, uşaq nəyə görə intihar edir? 


Mən günahkar axtarmaq istəmirəm, mən prosedurların sadələşdirilməsini istəyirəm. Bizə vaxtında cavab verilsin. Nəyə görə biz həmişə kənarda qalırıq? QHT-yə niyə bu cür münasibət olmalıdır?  Bunun maliyyə tərəfi var. Uşaqlar fərdi təhsil alanda əlavə maliyyə ayrılacaq. Kimdir o maliyyəni idarə edən? Niyə istəmir ki, bu uşaqlar dövlətin maliyyəsi ilə oxusun? Məqsədi nədir?”.

 


K.Ağazadə bildirib ki, status yayımlandıqdan sonra məktəbdən və aidiyyəti qurumlardan dərhal reaksiya gəlib:


“Mən bu statusu yazdıqdan sonra artıq bizə cavab gəldi. Məktəbdən də zəng gəldi ki, bizə göstəriş verildi, artıq uşaqların qrafiki də təyin olundu, dərsə gəlmə qrafiki hazırlandı. Çünki onlar fərqli oxuyurlar,  həftənin 4 günü, 2 saat olmaqla təhsil alırlar. Artıq uşaqların adları əlavə olundu”.


K.Ağazadə ümid etdiyini bildirib ki, bundan sonra proses uzadılmadan davam edəcək və uşaqların təhsil hüququ bir daha pozulmayacaq.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ