"Təhsil Tələbə Krediti Fondu mexanizmlərini genişləndirməlidir"

“Təhsil insan həyatının ayrılmaz hissəsidir və hər bir ailənin gündəliyinə birbaşa təsir edir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bəzi bölgələrdə şagird sayının azalması, ailələrin müxtəlif sosial səbəblərdən miqrasiya etməsi və məktəblərin şagird qəbulunda çətinliklərlə üzləşməsi köklü həll tələb edən məsələlərdir.
Anar İsgəndərov təhsil tələbə kreditlərinin əlçatanlığının artırılmasının vacibliyini də vurğulayıb. O qeyd edib ki, Təhsil Tələbə Krediti Fondu hər bir ehtiyaclı tələbənin təhsilini davam etdirməsinə imkan verəcək mexanizmləri genişləndirməlidir.
Komitə sədri əlavə edib ki, kənd rayonlarına gənc mütəxəssislərin cəlb olunmasını çətinləşdirən bütün maneələr aradan qaldırılmalıdır. Bu məqsədlə həm sosial dəstəyin, həm də stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi vacibdir.
Deputat bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesi keyfiyyətli kadr potensialının formalaşdırılmasına xidmət edir və sağlam müəllim mühitinin yaradılmasına mühüm töhfə verir.
O bu istiqamətdə şəffaflığın artırılmasına ehtiyac duyulduğunu da qeyd edib. Komitə sədri vurğulayıb ki, məktəb və bağçaların tikitisi ilə bağlı ayrılan vəsait artırılmalıdır.
Firuzə Əliyeva
Sfera.az






