"STEAM Azərbaycan gənclər üçün möhkəm təməl yaradır"

"STEAM Azərbaycan gənclər üçün möhkəm təməl yaradır"
Kateqoriya məlum deyil
T

“Gələcəyin mühəndis və liderləri üçün möhkəm təməl yaradırıq”.

 

Sfera.az xəbər verir ki, bunu  Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində çıxış edən STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib. O, layihənin məqsədləri, əldə olunan nailiyyətlər və regional uğurları barədə geniş məlumat verib.

 

İqrar Nəzərov çıxışında bildirib ki, bu il STEAM Azərbaycan layihəsinin 5 illiyi qeyd olunur və bu müddət ərzində layihə ölkədə innovativ tədrisin inkişafında mühüm rol oynayıb:

 

“STEAM şagirdlərini ürəkdən təbrik edirəm. Tam inamla deyə bilərəm ki, biz gələcəyin mühəndisləri və liderləri üçün möhkəm təməl yaradırıq. Beynəlxalq STEAM modeli yalnız elm və texnologiya deyil, sahibkarlıq bacarıqlarının formalaşmasına da xidmət edir. Şagirdlər burada təkcə nəzəri bilik deyil, həm də həyati bacarıqlar qazanırlar”,– deyə o vurğulayıb.

 

Nəzərov xatırladıb ki, STEAM tədrisi Azərbaycanda 2019-cu ildən tətbiq olunmağa başlayıb. İlk mərhələdə cəmi 41 məktəb və 6 min şagirdi əhatə edən proqram hazırda 400-dən çox məktəb və 300 mindən çox şagirdi birləşdirir. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində STEAM mərkəzləri istifadəyə verilib və hazırda bu mərkəzlərin sayı 21-ə çatıb. Layihə rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanın bu sahədəki təcrübəsi artıq region ölkələrinə də ixrac olunur.

 

“Qısa müddət ərzində Qazaxıstan, Özbəkistan və Qırğızıstanda STEAM layihələrinin təlimləri keçirilib, həmçinin iki STEAM innovasiya mərkəzinin qurulması təmin edilib Sevindirici haldır ki, bu gün STEAM Azərbaycan Daşkənd və STEAM Azərbaycan Bişkek komandaları da festivalda iştirak edir və bir-biri ilə yarışırlar”.

 

İqrar Nəzərov qeyd edib ki, son 5 ildə STEAM festivalına 25 mindən çox iştirakçı müraciət edib, onların 5 mindən çoxu xarici vətəndaşlardır. 2021-ci ildən bu günə qədər tədbirdə 21 ölkə təmsil olunub. Bu il keçirilən festival isə rekord göstərici ilə yadda qalır.

 

Məlumata görə, yalnız bu tədbirdə Azərbaycanla bərabər 20 ölkənin komandaları iştirak edir və ümumilikdə festival 22 ölkəni bir araya gətirir. Nəzərov çıxışının sonunda STEAM festivalının ölkədə rəqəmsal savadlılığın yayılmasında xüsusi rolu olduğunu bildirib:

 

“Bu festival gənclərimizə ilham verir, rəqəmsal bacarıqların inkişafını sürətləndirir, elm, texnologiya, incəsənət və riyaziyyatın vəhdəti ilə yüzlərlə innovativ layihənin həyata keçirilməsinə şərait yaradır”. SAF 2025 bu gün də müxtəlif yarışlar, sərgilər və təqdimatlarla davam edir.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR