Daha yaxşı və tez iş tapa bilmək üçün ailələrin çox hissəsi övladlarının ali təhsil almasına çalışır. Bu cür addım atanların qənaətinə görə, peşə, orta ixtisas təhsili alan tələbələrin iş tapması ali təhsil alanlarla müqayisədə daha çətindir.
Amma qabaqcıl ölkələrdə iş üçün peşə təhsilinə tələb çox yüksəkdir. Həmin ölkələrdə peşə təhsili alıb tez və əlverişli iş tapan insanların sayı çoxdur.
Təhsil eksperti Elmin Nuri Sfera.az-a açıqlamasında bildirdi ki, əmək bazarının reallıqları fərqlidir.
Ekspert qeyd etdi ki, hazırda əmək bazarına dair aparılan tədqiqat və təhlillər peşə təhsili alan məzunların işlə təmin olunma göstəricilərinin kifayət qədər yüksək olduğunu ortaya qoyur:
“Əmək bazarı görüntünü, gurultulu adları deyil, reallığı sevir. Məsələn, bəzi universitetlərin nüfuzlu ixtisaslarına istehsalatda o qədər də böyük tələbat yoxdur. Halbuki peşə məktəblərində və liseylərdə tədris olunan ixtisasların əksəriyyəti real iş imkanları ilə uzlaşır. Peşə Təhsili üzrə Dövlət Agentliyi son illərdə bu sahədə böyük işlər görüb. Həm paytaxtda, həm də rayonlarda fəaliyyət göstərən peşə təhsil müəssisələrinin istehsalat subyektləri ilə sıx əməkdaşlığı var. Tələbələr öz ixtisaslarına uyğun müəssisələrdə təcrübə keçir, bacarıqlarını artırır və nəticədə işlə təmin olunurlar. Hətta elə peşə təhsil müəssisələri var ki, tələbələr artıq birinci və ikinci kursdan iş yerləri əldə edirlər”.
Elmin Nuri bildirib ki, universitet təhsili akademik və geniş proqram əsasında qurulduğu üçün məzunların əmək bazarı ilə uyğunlaşması bəzən vaxt aparır. Onun sözlərinə görə, peşə təhsil müəssisələrinin belə problemi yoxdur.
Ekspert kolleclərə də toxunaraq qeyd etdi ki, bu təhsil müəssisələrini qurtaranlar da peşə məktəbləri ilə müqayisədə iş tapmaqda çətinlik çəkir. Onun sözlərinə görə, yalnız tibb sahəsində orta ixtisas təhsili alan məzunların iş problemi olmur:
“Bircə tibb kolleclərini bitirən – tibb bacısı, tibb qardaşı, mama-ginekoloq, stomatoloq texniki, masaj mütəxəssisi kimi ixtisas sahiblərinin işlə təmin olunması çətinlik yaratmır. Təsadüfi deyil ki, son illərdə tibb kolleclərinə maraq ildən-ilə artır. Təəssüf ki, qeyri-tibb profilli ixtisaslarda vəziyyət eyni deyil”.
Beləliklə, ekspertin fikrincə, peşə təhsili alanlar əmək bazarında daha tez və daha əlverişli şəkildə iş tapmaq imkanına sahibdirlər.
Bəsti Rəfizadə
Sfera.az