Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq müəllimlərə “tədqiqatçı müəllim” statusu verilib.
Sfera.az xəbər verir ki, bu status elm sahəsində yüksək nəticələri ilə seçilən, beynəlxalq indeksli jurnallarda məqalələr dərc etdirən və elmi nüfuz qazanmış müəllimlərə təqdim olunub.
Statusun müəyyənləşdirilməsində bir neçə meyar əsas götürülüb:
- "Scopus" bazasında məqalələrin sayı;
- Q1–Q3 kateqoriyalı jurnallarda dərc olunan məqalələrin sayı;
- "Scopus H" indeksi;
- Beynəlxalq həmmüəllifliklə yazılan elmi məqalələrin sayı;
Yeni status qazanan müəllimlər 2–3 dəfə yüksək – tam ştat professor üçün 4280–6420 manat arası maaşla mükafatlandırılacaq.
“Tədqiqatçı müəllim” statusu qazananlar bunlardır:
Aysel Aslanlı – Kimya üzrə fəlsəfə doktoru (Lomonosov MDU), 26 məqalə, H-index: 12. Məqalələrdən 22-si Q1 kateqoriyasında dərc olunub. 31 yaşlı gənc alim ADNSU-da aqro-kimya sahəsinin inkişafına töhfə verir.
Dünya Babanlı – Kimya üzrə elmlər doktoru, dosent. 56 məqalə, H-index: 14. Strasburq Universiteti ilə birgə beynəlxalq tədqiqatları ilə tanınır.
Araz Əliyev – Riyaziyyat üzrə elmlər doktoru, professor. 22 məqalə, H-index: 8. ADNSU-nun kafedra müdiridir.
Lətafət Qardaşova – Texnika üzrə elmlər doktoru, professor. 21 məqalə, H-index: 10. Qeyri-səlis məntiq və süni intellekt sahəsində elmi rəhbərlik fəaliyyəti ilə tanınır.
Vüsalə Cəfərova – Fizika üzrə elmlər doktoru. 23 məqalə, "H-index": 7.
Oleq Hüseynov – Texnika elmləri doktoru. 19 məqalə, "H-index": 20.
Sevda Rzayeva – Fizika üzrə fəlsəfə doktoru, dosent. 10 məqalə, "H-index": 64.
Elnur Oruclu – Kimya üzrə fəlsəfə doktoru. 39 məqalə, "H-index": 10.
ADNSU: “Elmi məktəblərimizi qorumaq əsas məqsədimizdir”
Universitet rəhbərliyi bildirib ki, bu statusun təsisində əsas məqsəd elmi ənənələri qorumaq, yeni elmi məktəblər yaratmaq və ADNSU alimlərinin beynəlxalq səviyyədə nüfuzunu gücləndirməkdir.
105 illik tarixi irsə malik “Azərbaycan Sənaye İnstitutu”nun (AZİ) davamçısı olan ADNSU bu gün də öz gücünü məhz tədqiqatçı müəllimlərindən alır.
ADNSU rəhbərliyi “tədqiqatçı müəllim” statusunu qazanmış alimləri təbrik edərək onların gələcək fəaliyyətində uğurlar arzulayıb.
Firuzə Əliyeva
Sfera.az