Məktəbə adaptasiya çətindir – Psixoloqdan məsləhətlər

Dərs ilinin başlanması uşaqlar üçün həm həyəcanverici, həm də stressli bir prosesdir. Xüsusilə azyaşlılar və aşağı sinif şagirdləri üçün məktəbə ilk adaptasiya dövrü çətin keçir. Yeni mühit, müəllim və sinif yoldaşlarına uyğunlaşmaq uşaqların psixoloji vəziyyətinə birbaşa təsir göstərir. Bu baxımdan valideynlərin və müəllimlərin dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Uşaqların məktəbə adaptasiya dövründə valideynlər hansı addımları atmalıdırlar?
Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov söylədi ki, dərs ilinin başlanması hər bir uşaq üçün yeni emosional təcrübələrin, maraq və həyəcanla yanaşı, müəyyən qədər stress də gətirə bilər.
Onun sözlərinə görə, xüsusilə məktəbə yeni başlayan azyaşlılar üçün bu proses həm psixoloji, həm də sosial baxımdan çətin olur:
“Yeni mühitə, müəllimə və sinif yoldaşlarına uyğunlaşmaq uşaqların psixoloji durumuna birbaşa təsir göstərir. Bu baxımdan valideynlərin və müəllimlərin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Valideynlər ilk növbədə övladlarının hisslərinə qarşı həssas olmalı, qorxu və həyəcanlarını normal qəbul etməlidirlər. “Hamı məktəbə tez uyğunlaşır, sən də bacarmalısan” kimi müqayisələrdən çəkinmək, əksinə uşağın duyğularını dinləmək və anlamaq vacibdir”.
E.Rüstəmov məktəbə qarşı pozitiv obraz yaratmağın uşağın motivasiyasını artırdığını dedi:
“Valideynlər məktəbi yeni dostlar qazanmaq, maraqlı biliklər öyrənmək, müəllimlərlə əməkdaşlıq etmək üçün fürsət kimi təqdim edə bilərlər. Uşağın adaptasiya prosesini asanlaşdıran əsas amillərdən biri stabil rejimdir. Yuxu saatlarının vaxtında olması, səhər yeməyinin düzgün təşkili, məktəb çantasının əvvəlcədən hazırlanması uşağın özünü təhlükəsiz və yaxşl hiss etməsinə kömək edir. Valideynlər övladlarının müəllimi ilə daim ünsiyyətdə olmalıdır. Müəllimin müşahidələri uşağın məktəbdəki davranış və emosional vəziyyəti barədə daha dəqiq təsəvvür yaradır. Bu məlumatlar valideynlərə uşağa evdə necə dəstək verməyi anlamaqda kömək edir”.

Psixoloq əlavə edib ki, xüsusilə məktəbə yeni başlayan uşaqlar qarşısında dərhal böyük gözləntilər qoymaq düzgün deyil:
“Uşağın ilk günlərdə yorğun və gərgin olması təbiidir. Ona alışması üçün vaxt vermək, kiçik nailiyyətlərini dəyərləndirmək əhəmiyyətlidir.
Nəzərə alaq ki, uşaqlar valideynlərin davranışlarını modelləşdirirlər. Əgər valideyn məktəbi müsbət qarşılayır, müəllimlərlə əməkdaşlıq ruhunda çıxış edir və övladının bacarığına güvənirsə, uşaq da bu münasibəti mənimsəyir. Məktəbə adaptasiya uşağın yalnız bilik deyil, həm də emosional və sosial inkişafı üçün əsas mərhələlərdən biridir. Bu dövrdə valideynlərin anlayışlı, səbirli və dəstəkləyici yanaşması uşağın özünəinamını gücləndirir, məktəbi sevdirir və gələcək təhsil uğurlarının təməlini qoyur”.
Fidan Hacızadə
Sfera.az






