Azərbaycanda Bilik Gününün tarixi

Bilik günü - Azərbaycanda məktəblərdə dərslərin başladığı gün kimi qeyd edilir. 2004-cü ilə qədər bilik günü sentyabrın 1-nə təsadüf edib. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb, beləliklə, həmin gün Bilik Günü elan edilib.
Sfera.az xəbər verir ki, Təhsil Nazirliyinin açıqlamasına görə, bu qərarın əsas səbəbi ölkədə iqlim şəraitidir.
Avqustun sonu və sentyabrın ilk günlərində havaların çox isti olması şagirdlərin məktəb həyatına adaptasiyasını çətinləşdirirdi. Bundan başqa, müəllim və şagirdlərin yay tətilindən sonra məktəbə hazırlıq işlərinin görülməsi üçün əlavə vaxta ehtiyac yaranırdı.
Həmin vaxtdan etibarən hər il 15 sentyabr Azərbaycanda rəsmi olaraq Bilik Günü kimi qeyd olunur. Bununla yanaşı, tədris ilinin müddəti də 15 sentyabrdan 14 iyunadək davam edir.
Beləliklə, dərslərin 15 sentyabrda başlanması həm iqlim amilləri, həm də tədris prosesinin daha optimal şəkildə təşkili ilə bağlı qərara alınıb.
Bəsti Rəfizadə
Sfera.az






