Tətil bitir - Uşaqların məktəb adaptasiyası necə olmalıdır?

Tətil bitir - Uşaqların məktəb adaptasiyası necə olmalıdır?
Kateqoriya məlum deyil
T

Yeni dərs ili ərəfəsində valideynlərin üzərinə mühüm vəzifələr düşür. Uşaqların məktəb həyatına adaptasiyası yalnız biliklərlə deyil, həm də düzgün gündəlik rejim və sağlam psixoloji mühitlə bağlıdır. Məktəbə gedən uşağın yuxu və oyanma saatlarının dərs rejiminə uyğun olması onun dərslərdə diqqətli, enerjili və müvəffəqiyyətli olmasına kömək edir.

 

Eyni zamanda, məktəb qabağı dövrdə uşaqların emosiyalarını düzgün ifadə etməyi öyrənməsi vacibdir. Bu mərhələdə valideynlərin dəstəyi, anlayışlı davranışı və səbrli yanaşması uşağın həm təhsil, həm də sosial həyatda balanslı inkişafını təmin edir.

 

Uşağın gündəlik yuxu və oyanma saatını dərs rejiminə uyğunlaşdırmaq üçün valideynlər nə etməlidir? Məktəb qabağı uşağın emosiyalarını düzgün ifadə etməsi üçün valideynlər necə davranmalıdır?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gövhər Məmmədova bildirib ki, təkcə məktəb qabağı deyil, ümumilikdə uşağın yuxu və oyanma saatına diqqət yetirmək vacibdir. 

 

Onun sözlərinə görə, bu, uşaqların inkişafına birbaşa təsir göstərir və günə daha gümrah, sakit əsəblərlə başlamağa kömək edir.

 

Psixoloq qeyd edib ki, əgər tətil dövründə yuxu rejiminə diqqət edilməyibsə, məktəb başlayana qədər ən azı iki həftə ərzində rejim bərpa olunmalıdır:

 

“Bu zaman birdən-birə deyil, yuxu saatı hər gün bir az tezləşdirilməlidir. Həmçinin həmin müddətdə məktəblə bağlı xatırlatmalar etmək, məktəb alış-verişini birlikdə aparmaq və uşaqla məktəbdə onu nələrin gözlədiyi barədə söhbətlər aparmaq onun hazırlıq prosesinə müsbət təsir göstərəcək”.

 

Gövhər Məmmədova vurğulayıb ki, uşağa “dərs oxuyacaqsan, yorulacaqsan, vaxtın olmayacaq” kimi ifadələr işlətmək düzgün deyil: “Belə yanaşma məktəb haqqında mənfi emosiyalar formalaşdırır və adaptasiya prosesini çətinləşdirə bilər”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR