Lisey və gimnaziyalara şagird seçimi başladı

2025/2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada ikinci mərhələ seçimlərinə avqustun 26-sı saat 15:00-dan etibarən start verilib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Elm və Təhsil Nazirliyi məlumat verib.
Qeyd olunub ki, II mərhələ yalnız birinci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulub. Seçimlər şagirdlərin elektron yerdəyişmə portalı (//sy.edu.az) üzərindən, “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Hər bir şagirdə bu mərhələdə iki seçim imkanı təqdim olunur.
İkinci mərhələdə aşağıdakı şagirdlər iştirak edə bilərlər:
• İmtahanda 10 və ya daha yuxarı bal toplayan şagirdlər;
• I mərhələdə seçim edib, lakin qəbul olunmayan şagirdlər;
• I mərhələdə seçim edib qəbul olunan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən şagirdlər;
• I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər.
Məlumat üçün bildirilib ki, II mərhələ üzrə seçim prosesi avqustun 27-si saat 23:59-da başa çatacaq. Qeyd olunur ki, seçim prosesi məhz II mərhələ ilə yekunlaşır.
Bəsti Rəfizadə
Sfera.az






