Müəllimlərin maaşı artdı

“2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub”.
Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib. Test imtahan mərhələsində 6600 təhsilverən 51 bal və daha yuxarı, 11 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib.
N.İsmayılbəyli əlavə edib ki, sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından etibarən başlanılır. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq.
Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.