"Ən yaxşı nəticə göstərənlərin bal aralığı 220-260 olub" - DİM sədri

"300 ballıq şkala üzrə ötən il ən yaxşı nəticə göstərənlərin bal aralığı 220-260 arasında olub. Keçən il həmin bal səviyyəsi ilə qəbul olunan ixtisaslar mövcud idi".
Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzində ötən il – 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunmuş müzakirələrdə deyib.
O bildirib ki, bu il müəyyən ixtisasların Təhsil Nazirliyi ilə birgə 5-ci ixtisas qrupuna daxil edilməsi ilə bağlı təklif olub. Lakin bu layihənin həyata keçirilməsi mümkün olmayıb. Ali məktəblər və müvafiq nazirliklər bu məsələyə etiraz ediblər.
Məleykə Abbaszadə əlavə edib: “Biz tərəfdən də təqdim olunan variantlar qəbul edilmədi. Qeyd edim ki, belə bir addım 2013-cü ildə atılmışdı. O vaxt subbakalavrlar ali məktəblərə imtahansız qəbul olunurdular. Lakin bu, ali təhsil müəssisələrində problemlər yaratmışdı. Subbakalavrlar dərslərə gəlmirdilər və ali məktəblər bundan imtina etmişdilər”.
Fidan Hacızadə
Sfera.az