Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ

Xarici diplom bu halda tanınmaya bilər - RƏSMİ

Son günlər xaricdə alınmış diplomların tanınması üzrə məhkəmə təcrübəsi haqqında çoxsaylı sorğular daxil olur.

 

Sfera.az Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati kollegiyasının bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarını təqdim edir:

 

Ali Məhkəmənin rəsmi saytında dərc olunan məlumata əsasən, şəxsə (Bundan sonra  - iddiaçı) qiyabi təhsil üzrə Moskva Politexnik Universiteti tərəfindən bakalavr diplomu verilib və həmin diplom Rusiya Federasiyasının səlahiyyətli qurumu tərəfindən apostil olunub. İddiaçı Azərbaycanda diplomun tanınması barədə tələblə cavabdeh orqana müraciət edib, lakin cavabdeh tərəfindən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması, həmin müddətin isə tədris proqramının mənimsənimlməsi üçün kifayət hesab olunmaması əsası ilə ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilib.

 

Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin
verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş
edib. 

 

Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyib, həmçinin apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Bundan sonra iddiaçı Ali Məhkəməyə müraciət edib. 

 

Ali Məhkəmə qərarında aşağıdakıları qeyd edib: 

 

1. Qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. 

 

2. Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. 

 

3. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. 

 

4. Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilən hesab edilə bilər.  Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Bundan başqa, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmayıb.

 

Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, apelyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.


OXŞAR XƏBƏRLƏR

"2025-ci ildə 65 min hektardan artıq ərazi minalardan təmizlənəcək" - Əli Əsədov

“2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmi...

"2024-cü ildə müdafiə və təhlükəsizlik xərcləri 12% artıb" – Əli Əsədov

“Hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin edilmişdir və orada yaşay...

Laçın Beynəlxalq Hava Limanı bu il istifadəyə veriləcək

Bu il Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Ka...

"Səhiyyəyə 1 milyard, təhsilə 4 milyard manatdan çox vəsait ayrılıb" - Baş nazir

“Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə...

AZAL Səmərqəndə uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı Azərbaycan Hava Yolları QSC (AZAL) aprelin 1-dən etibarən Şərqin nadir incisi olan Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uç...

"Qəzalı binalarla bağlı 50 milyon vəsait ayrılıb" - Əli Əsədov

“Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 milyon manat vəsait ayrılmışdır”....