Məktəblərdə telefondan istifadə qadağan edildi - BU ÖLKƏDƏ
Braziliya prezidenti orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu imzalayıb.
Sfera.az xəbər verir ki, Prezident Luiz İnasio Lula da Silva Konqres tərəfindən ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu təsdiqləyib. Qanun qüvvəyə mindikdən sonra həm dərslərdə, həm də fasilələrdə mobil telefondan istifadə qadağan olunacaq.
Lula da Silva məsələ ilə bağlı açıqlamasında qanunun zəruri olduğunu və oxşar təcrübələrin başqa ölkələrdə də həyata keçirildiyini bildirib. O, vəzifəyə gəldiyi gündən bəri keçirdiyi görüşlərdə nazirləri və digər rəsmiləri telefondan istifadə etməmələri ilə bağlı xəbərdar etdiyini bildirib və cib telefonlarının diqqəti yayındırdığını vurğulayıb.
Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.
2024-cü ilin oktyabr ayında keçirilən sorğuya görə, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləyir. Uşaq və gənclərin sağlamlığına və öyrənməsinə mənfi təsirləri nəzərə alınaraq, ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəni qadağan edən tənzimləmə 20 dekabr 2024-cü il tarixində Konqres tərəfindən qəbul edilmişdi.
Vasif
Sfera.az