Buraxılış imtahanı zamanı dinləmə ilə bağlı texniki qüsur qeydə alınıb? - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanı zamanı dinləmə ilə bağlı texniki qüsur qeydə alınıb? - DİM-dən AÇIQLAMA

"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədli buraxılış imtahanı ilə bağlı Dövlət İmtahan Mərkəzinə şikayət ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, jurnalist bu barədə DİM-in Feysbuk səhifəsində yazıb.

 

O bildirib ki, martın 3-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı zamanı dinləmə cihazında nasazlıq yaranıb və qızı da daxil olmaqla həmin imtahandakı şagirdlər sualları cavablandıra bilməyiblər:

 

“Qızım buraxılış imtahanından yüksək nəticə əldə edib, ümumi 85 sualdan 79-na doğru cavab yazıb.Cavablandıra bilmədiyi suallardan ikisi isə məhz DİM-in nəzarətçisinin səhlənkarlığı, məsuliyyətsizliyinin nəticəsidir. (Uşaqlar buna görə stress yaşayıb, yarım saat vaxt itib və qızım o biri 4 sualı da bu üzdən cavablandırmaq vaxtını itirib). Belə ki, imtahanda ingilis dilindən səsləndirilən sualla bağlı texniki qüsur baş verib, sualı səsləndirən maqnitofon normal işləməyib, sualı dinləmək mümkün olmayıb, səs itib, qırılıb. Uşaqlar nəzarətçidən yeni maqnitofon gətirməyi, rəhbərliyə məlumat verməyi tələb ediblər, əhəmiyyət verməyib, əksinə, təhdid tonunda bozarıb ki, "dinməyin, yazınızı yazın". Bu, əslində çox ciddi məsələdir. Ümumi 10 bala yaxın fərqdir.Qızım tibb sahəsinə hazırlaşır və yekunda bəzən 5 bal da həlledici olur, bir insanın taleyidir bu! DİM-dən bu məsələni araşdırmağı, həmin 2 sualla bağlı apellyasiya təşkil etməyi xahiş və tələb edirəm”.

 

Mövzu ilə bağlı Sfera.az-ın sorğusuna cavab olaraq DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, problem aradan qaldırılıb:

 

“Dinləmə ilə bağlı texniki qüsur yerində aradan qaldırılıb”.

 

DİM-in səhifəsində isə qeyd olunub ki, vaxt itkisi nəzərə alınıb və şagirdlərə əlavə vaxt verilib:

 

"Müraciət imtahan rəhbərinin və imtahanın gedişi haqqında zal nəzarətçisinin protokolu əsasında araşdırılmış, zal nəzarətçisindən və imtahan rəhbərindən şifahi izahatlar alınmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, dinləmə mətninin səsləndirilməsi zamanı audioqurğuda texniki nasazlıq aşkarlanmış, təlimata uyğun olaraq şagirdlərə digər tapşırıqlara davam etmələri söylənmiş, audioqurğu yeni qurğu ilə əvəz edilərək dinləmə mətninin səsləndirilməsi uğurla icra edilmişdir. Vaxt itkisi nəzərə alınaraq şagirdlərə əlavə vaxt verilmişdir”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...

Astroloq müjdəni verdi: Qarşıdakı 4 gün ərzində...

Astrologiyaya görə, bu gün Günəş və Uran birlikdə hərəkət edəcək. Dörd gün ərzində təsirli olacaq bu astroloji inkişaf bürclərə müsbət mənada təsir göstərəcək. ...