Təhsil və ictimaiyyət nümayəndələri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını yüksək qiymətləndirdilər

Təhsil və ictimaiyyət nümayəndələri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını yüksək qiymətləndirdilər

Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

 

Sfera.az xəbər verir ki, mərasimdə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” da imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. 

 

İki qardaş ölkə arasında imzalanan memorandum haqqında təhsil və ictimaiyyət nümayəndələrinin fikirlərini öyrəndik.

 

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev bildirdi ki, bu universitet Türkiyə-Azərbaycan birliyini qoruyacaq düşüncədə gənclərin yetişdirilməsinə xidmət edəcək:

 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması yeni bir modeldir. Düşünürəm ki, bu ali təhsil müəssisəsi Türkiyə-Azərbaycan birliyini qoruyacaq düşüncədə gənclərin yetişdirilməsinə xidmət edəcək. Bundan başqa  Azərbaycanın və Türkiyənin elm və təhsil sahəsində ayrı-ayrılıqda güclü olduğu sahələr vardır. Məncə, biz bu mənada bu sahələri də bir universitetdə cəmləşdirərək elm və təhsil sahəsində gücümüzü birləşdirəciyik. Onu da qeyd edək ki, Azərbaycan Türkiyə ilə artıq texnologiya sahəsində də ciddi əməkdaşlıqlar edir. Bu baxımdan yeni yaradılan universitetdə müasir texnologiyaları gələcəkdə istehsal edəcək, onları yaradacaq gənclərin, ixtisaslı kadrların yetişdirilməsi üçün fürsətlər yaranacaqdır. Bu, Azərbaycan və Türkiyə birliyini gələcəkdə daha da gücləndirəcək. Bu universitet gələcəkdə regionumuz, dünyamız üçün də bir nümunə olacaqdır”.


Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı deyib ki, bu universitet tez bir zamanda Azərbaycan ali təhsil məkanında da öz layiqli yerini tutacaq:

 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı yekun sənədin imzalanması hər iki ölkə üçün çox əhəmiyyətlidir. Hər iki dövlət başçısı bu məsələyə böyük önəm verirdi. Rəcəb Tayyib Ərdoğanın Bakıya rəsmi səfəri zamanı da birgə müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti bu məsələni gündəmə gətirmişdir. 

 

Düşünürəm ki, yaradılan ortaq universitet dünya təhsil məkanında ən yaxşı ali təhsil müəssisələrindən biri olacaq. Bunun üçün hər iki dövlətin kifayət qədər imkanları var. Bu universitet tez bir zamanda Azərbaycan ali təhsil məkanında öz layiqli yerini tutacaq”.

 


Jurnalist, ekspert Rizvan Qənbərlinin sözlərinə görə, hər iki ölkə üçün qarşılıqlı faydalı ali təhsil təcrübəsi formalaşacaq: 

 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması gələcəyə yönəlmiş önəmli və strateji dəyəri yüksək olan bir anlaşmadır. Bu memorandum təkcə iki qardaş ölkə arasında birlik və əməkdaşlığın simvolu deyil, həm də təhsil baxımından dəyərli bir addımdır. Xüsusilə Qarabağ Universitetinin yaradıldığı bir dövrə təsadüf etməsi də düşünürəm ki, Türkiyənin ali təhsil istiqamətindəki çoxillik təcrübəsindən faydalanmaq baxımından böyük məna daşıyır. Xaricdə təhsil almaq istəyən vətəndaşlarımızın ən çox üstünlük verdiyi ölkənin Türkiyə olduğu faktını nəzərə alanda, yeni qurulacaq universitet abituriyentlərimiz üçün Türkiyədə təhsilə bir alternativ ola biləcək. Tələbə, professor-müəllim mübadiləsi, birgə tədqiqatlar, innovativ layihələr ilə hər iki ölkə üçün qarşılıqlı faydalı ali təhsil təcrübəsi formalaşacaq”.

 


Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev isə söyləyib ki, Ortaq universitet iki suveren qardaş dövlətin ali təhsil sahəsində birgə fəaliyyətini genişləndirəcək: 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması 44 günlük Vətən müharibəsindən sonra iki ölkənin prezidentləri arasında müzakirə edilmiş, ilkin qərarlar qəbul olunmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev iki ölkə arasındakı münasibətləri “bir millət, iki dövlət” kimi xarakterizə etmişdir. Növbədənkənar Prezident seçkilərində xalqın ciddi dəstəyi ilə təkrar Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində Türk Dünyasına xüsusi diqqət ayırmış və Türk Dünyasını “ailəmiz” şəklində ifadə etmişdir. Belə olan halda iki ölkə arasında ortaq universitetin təsis edilməsi Vətən müharibəsində uğurla sınaqdan çıxan və Şuşa Bəyannaməsində rəsmiləşən münasibətlərin dərinləşməsinə xidmət edəcəkdir. Ortaq universitet iki suveren qardaş dövlətin ali təhsil sahəsində birgə fəaliyyətini genişləndirəcək”.

 

Cavid
 


OXŞAR XƏBƏRLƏR

Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı

Sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıql...

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...