Qızların Polis Akademiyasına qəbulu bərpa edilir? - RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası bir neçə ildir ki, qız abituriyentlərin qəbulunu dayandırıb. Akademiyaya builki qəbul imtahanlarında qızların da iştirakına icazə veriləcəyinə dair iddialar var.
Bu iddialar nə dərəcədə əsaslıdır?
Sfera.az-ın əməkdaşı məsələnin dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə sorğu ünvanlayıb.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələyə aydınlıq gətirib.O bildirib ki, bu il də yalnız oğlan abituriyentlərin Polis Akademiyasına qəbulu aparılacaq.
Qeyd edək ki, Polis Akademiyasına böyük marağın olması bu təhsil ocağının bəzi üstünlükləri ilə bağlıdır.
Təhsil müddəti digər mülki ixtisaslarda olduğu kimi 4 il olsa da, Polis Akademiyası digər ali təhsil ocaqları arasında ən yüksək təqaüd verən ali təhsil müəssisəsidir.
Kursantın təhsil aldığı müddətdə bütün ehtiyacları o cümlədən; yataqxana, geyim, tibbi xidmətlər və s. dövlət tərəfindən təmin olunur.
Akademiyanı bitirdikdən sonra kursantlar 100% işlə təmin olunur. Əla qiymətlərlə məzun olanlar polis baş leytenantı, adi qiymətlərlə bitirənlər isə polis leytenantı rütbəsinə layiq görülürlər.
Bundan əlavə, 4 ilin sonunda həmin şəxslər hərbi leytenant rütbəsi qazandıqları üçün hərbi xidmətə getmələrinə ehtiyac qalmır. Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə ezam olunaraq, orada işlə təmin olunur.
Xidmət müddətinə gəlincə, bu, 20 ili əhatə edir. Kursantın oxuduğu 4 il də xidmət müddətinə daxildir. 20 ildən sonra polisə əmək pensiyası hesablanır.
Məlumat üçün qeyd edək ki, bu il plan yerləri əvvəlki illərə görə iki dəfə artırılaraq 500 olub. Plan yerlərinin artırılmasının balların düşməsinə təsir edəcəyi gözlənilir.
Xatırladaq ki, sənədlərin qəbulu prosesi 2024-cü il yanvar ayının 22-dən mart ayının 3-dək bazar günləri istisna olmaqla həyata keçiriləcək. (Hər gün saat 10-dan 17-dək) Namizədlər qəbul üzrə sənədləri qeydiyyatda olduqları inzibati ərazi üzrə polis idarə və ya şöbələrinə təqdim edə bilərlər.
Firuzə Əliyeva