Prezidentin maşın hədiyyə etdiyi Kuvşinov kimdir? - MARAQLI FAKTLAR + FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin üzgüçülük üzrə idman müəllimi Pyotr Anatolyeviç Kuvşinova avtomobil hədiyyə edib.
Bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov məlumat verib.
Sfera.az Pyotr Anatolyeviç Kuvşinov haqqında maraqlı faktları təqdim edir:
Pyotr Anatolyeviç Kuvşinov 1992-1996-ci illərdə Qarabağda Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan qəhrəman qazilərimizdəndir. Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Murovdağ, Tərtər və Füzuli kimi qaynar döyüş bölgələrində vuruşub və iki dəfə ağır yaralanıb. 1996-ci ildə ordudan təxris olunub.
Müharibədən qayıtdıqdan sonra Kuvşinov yenidən peşəkar idmançı kimi üzgüçülük və su polosunun tədrisinə başlayıb.
2017-ci ildən etibarən Bakı Ali Neft Məktəbində çalışır. Ali Məktəbdə universitetlərarası uğurlu yarış və müsabiqələr təşkil edən Pyotr Kuvşinov tələbələrin rəğbətini də qazanıb.
Bundan başqa, bir çox nüfuzlu idman müsabiqəsinin qalibi, SSRİ-nin idman ustası Pyotr Kuvşinov 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunlarında su polo hakimi heyətinin tərkibində iştirak etmək üçün dəvət alıb. 2017-ci ildə isə İslam Oyunları zamanı su polosu üzrə Azərbaycan milli yığmasının məşqçisi olub.
Birinci Avropa Oyunlarında Texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında Su Polosu üzrə Azərbaycan Milli komandasının məşqçisi kimi sertifikatlara da layiq görülüb.
O eyni zamanda, yüksək insani keyfiyyətləri ilə də insanlara və tələbələrə örnək təşkil edir. Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyində batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfərin-ana və qızının həyatını xilas edib.
O, bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. Altı il əvvəl xərçəng diaqnozu qoyulan Pyotr Kuvşinov 12 kimyaterapiya müalicəsi aldıqdan sonra 63 yaşında xəstəliyə qalib gələ bilib.
Vasif