“743 müəllimin hamısına iş vermək mümkün deyil, gərək vaxtında...” – Deputatdan VACİB AÇIQLAMA
Bakı təhsil işçilərinin bu gün keçirilən sentyabr konfransında Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, sertifikasiya imtahanından keçə bilmədiklərinə görə əmək müqavilələrinə xitam verilən 743 təhsil işçisinin işlə təmin olunması ilə bağlı tədbir görüləcək.
O, vurğulayıb ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq.
Maraqlıdır, həmin müəllimlər hansı işlərlə təmin oluna bilərlər?
Deputat Ceyhun Məmmədov Sfera.az- a açıqlamasında bildirib ki, sertifikasiyadan keçə bilməyən müəllimlərlə bağlı məsuliyyət dövlətin üzərinə düşür:
“Hazırki mərhələdə müəllimlərin bilik və bacarıqlarının artrırılması üçün sertifikasiya bir çıxış yolu kimi nəzərdə tutulur. Buna paralel olaraq, ali təhsil müəssisələrimizdə təhsilin məzmunu və keyfiyyəti artırılmalıdır. Çalışmalıyıq ki, daha bilikli, savadlı və bacarıqlı məzunlar yetişdirilsin. Sertifikasiya imtahanından keçməyən müəllimlərlə bağlı məsuliyyəti isə dövlət daşıyır. Bu müəlimləri vaxtında işə götürməmək lazım idi. Əgər götürülüblərsə, indi onları taleyin ümidinə buraxmaq olmaz”.
Deputat qeyd edib ki, həmin müəllimlərin çətinliklə üzləşməməsi üçün işlə təmin olunmaları ən düzgün qərardır:
“Həmin müəllimlərə 2 dəfə şərait yaradılmışdı. Bundan sonra müəllimlər öz üzərlərində işləməli, daha diqqətli və məsuliyyətli olmağa çalışmalıdırlar. Təbii ki, həmin müəllimlərin məktəblərdə dərs tədris etməsi müəyyən problemlər yarada bilər, amma onların işə təminatını da diqqətdən kənarda saxlamaq düzgün olmazdı. Həmin müəllimlər arasında eləsi var ki, ailədə yalnız o, işləyir, bütün ailə onun hesabına dolanır. Nazirlik də bu barədə fikirlərini bildirdi, artıq komissiya yaradılıb”.
C.Məmmədov 743 müəllimin hamısına iş tapılmasının mümkün olmadığını da vurğulayıb:
“Müəllimlərin konkret olaraq, hansı işlə təmin olunacağı barədə Elm və Təhsil Nazirliyi qərar verə bilər. Bu gün nazirlikdə bir çox sturkturlar var ki, orada müəllimlərin müəyyən texniki işlərdə çalışmasına şərait yaradıla bilər. Bununla belə, 743 müəllimin hamısının işlə təmin edilməsinin mümkün olacağını düşünmürəm, buna heç imkan da yoxdur. Amma nə mümkündürsə, ediləcək, bu istiqamətdə lazımi addımlar atılacaq”.
Firuzə Əliyeva