\"Qarşısını nazirlik almalıdır\" - Təhsil ekspertindən məktəblərdə pul yığımı ilə bağlı AÇIQLAMA

\

Hər il 8 mart tarixi ərəfəsində pedaqoji heyətin əksər hissəsini təşkil edən xanım müəllimləri təbrik etmək üçün pul yığılması məsələsi gündəmə gəlir. Müəllimlərin bayramını təbrik etmək üçün valideyn komitələri fəallıq göstərərək pul toplamağa başlayırlar. İllərdir  bununla bağlı xəbərdarlıqlar edilsə də, maarifləndirmə işləri aparılsa da, bu artıq təhsilin canına hopan ənənə halını alıb. Hətta bəzi məktəblərdə təkcə qadın müəllimlər yox, kişilər üçün də pul yığılır. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, məktəblərdə bu və ya digər səbəblər üçün pul yığılması adi hala çevrilib:

 

“Əvvəllər belə hallar müşahidə edilmirdi. Təəssüf ki, Elm və Təhsil nazirliyi bununla bağlı öz mövqeyini ortaya qoya bilmədi. Ümumiyyətlə, mövqe bundan ibarət olmalıdır ki, məktəblərdə heç bir məqsəd üçün pul yığılmamalıdır. Azərbaycan insanı öz müəlliminə təşəkkür etməyi bacarır. Lakin bu istiqamətdə konkret mövqenin ortaya qoyulmaması məktəbdaxili münasibətləri ciddi şəkildə pozur. Hətta iş o həddə çatıb ki,  bəzi kişi məktəb direktorları da 8 martla əlaqədar pul yığmağa başlayıblar. Bu, dəhşətli haldır”.

 

Müsahibimiz deyib ki, pul yığılması halları təhsil sistemini gözdən salır:

 

“Bəzən müəllimlər müəyyən məbləğlər ortaya qoyurlar ki, şagirdlər mütləq onu ödəməlidirlər.  İmkansız uşaqlar bunu ödəyə bilməyəndə isə müəllimlər tərəfindən psixoloji bullinqə məruz qalırlar. Bu, ciddi vəziyyətdir və təbii ki, təhsil sisteminə mənfi təsir göstərir. Hesab edirəm ki, birmənalı şəkildə nazirlik tamamilə məktəblərdə istənilən məqsədlər üçün pul yığılmasını qadağan etməli və bu iradəni ortaya qoymalıdır”.

 

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl 8 martla bağlı xəbərdarlıq etmişdi. "Belə olduqda valideynlər nazirliyə şikayət etsin. Bundan sonra biz hərəkətə keçə bilərik. Müəllimləri təbrik etmək olar. Ancaq bahalı hədiyyələr verilməsi pedaqoji fəaliyyətə uyğun deyil. Valideynlər daha çox bu işə təşkilatçılıq edir. Biz valideynlərə qarışa bilmərik, məsləhət görə bilərik ki, bundan imtina etsinlər. Bundan utanmasınlar", - deyə nazir söyləmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR