"Təbiət - 6" dərsliyi çap olundu - FOTO
"Təbiət - 6" (Science 6) dərsliyi çapdan çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat verib.
O bildirib ki, dərsliyin bu il pilot tətbiqi nəzərdə tutulub. Gələn ildən isə kütləvi istifadəsi planlaşdırılır.
Dərslik ən yeni təcrübələri özündə əks etdirir və cəlbedici tərtibatda hazırlanıb. Dərsliyin hazırlamasında Sinqapurun Alston nəşriyyat evi ilə məsləhətləşmələr aparılıb və müəlliflər təlimlərə cəlb edilib.
Dərslikdə hər bölmənin əvvəlində bölmədəki mövzular əsasında qazanılan bilik və bacarıqlar sadalanır. Daha sonra tədqiqat sualları, tanış situasiya və ona aid suallar təqdim olunur. Situasiya təhlil olunur. Tədqiqat sualına cavab tapmaq üçün praktik tapşırıqlar verilir və nəticədə proses bacarıqları inkişaf etdirilir. Araşdırmadan sonra yeni mövzu izah olunur.
Düşün - müzakirə et - paylaş hissəsində düşünmək və sinif yoldaşları ilə müzakirə etmək üçün suallar nəzərdə tutulub. Belə müzakirələr zamanı müstəqil düşünmə və kommunikasiya bacarıqları inkişaf etdirilir.
Öyrəndiklərinizi yoxlayın, öyrəndiklərinizi tətbiq edin və ümumiləşdirici tapşırıqlar hissəsi isə yeni anlayışları fərqli situasiyaya tətbiq etməyə və qazanılmış bilikləri dərinləşdirərək möhkəmləndirməyə kömək edir.
Vəsilə İbrahim,
Sfera.az












