Məktəblərdə şagird özbaşınalığı artır – Hansı cəzalar veriləcək?
Maraqlıdır, bu hallarla bağlı qanunvericilikdə ciddi tədbirlərə ehtiyac varmı?
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deyib ki, aqressiya ailədən qaynaqlanır və orta məktəbdə inkişaf edir:
"Son dövrlərdə ali məktəblərə qəbul, buraxılış imtahanlarındakı uğursuzluqlar bilavasitə cəmiyyətin müəllimə, məktəbə, təhsilə münasibətini dəyişir. Müəllimlərin repetitor kimi pul yığması, bəzi məktəblərdə idarəetmədəki boşluqlar təhsil üçün ciddi problemlər yaradıb. İbtidai və orta məktəblərdə, xüsusən də yuxarı siniflərdə şagird nizam-intizamına nəzarət və sağlam mənəvi mühitin yaradılması olduqca çətindir. Aydındır ki, bütün dünya bu problemdən əziyyət çəkir. Əksər ölkələrdə məktəbdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir, məktəblərdə psixoloq işi və sosial iş təşviq olunur. Azərbaycanda da bu mövzu günü-gündən aktuallaşır. Heç bir direktor və ya müəllimin həddini aşaraq şagirdi şəxsi və ailə vəziyyətinə görə mühakimə etmək, alçaltmaq, köməkdən məhrum etmək və məktəbi meşə qanunları ilə idarə etmək hüququ ola bilməz. Belə bir məsələdə hüquqi bazanın zəif olması bəhanəsinin arxasında gizlənmək vicdansızlıqdan başqa bir şey deyil”.
Müsahibimizin sözlərinə görə, son günlər məktəblərdə baş verən hadisələri təhlil edəndə qaydaları pozanın, sinifdə zorakılıq edənlərin adətən oğlanlar olduğu görülür:
"Amma onlara hansısa sərt cəza vermək mümkün deyil, buna bizim humanist təhsil sistemimiz icazə vermir. İdarə olunmayan şagirdi psixoloqa göndərmək də qeyri-mümkündür, çünki bunun üçün mütləq valideynlərin razılığı lazımdır. Lakin onlar bunu vermirlər, düşünürlər ki, gözəl övladları var. Normal uşaqlar problemli uşaqların girovuna çevrilirlər. Buraxılış sinfinə kimi kobudluğa dözməli olan və uşağı sinifdən qovmağa belə haqqı olmayan müəllimi demirəm, çünki "harda əyləşəcəyini bilir”. Belə çıxır ki, zorbanın "həyatı və sağlamlığı” müəllimin və ya sinif yoldaşlarının həyatı və sağlamlığından daha vacibdir. Əgər normal tədris mühiti pozulursa, buna görə mütləq cəzalar olmalıdır. Mövcud fakt məktəbdə idarəetmənin normal olmadığını, şagirdlərlə işin düzgün qurulmadığını göstərir”.
Günay Rəsulqızı
Sfera.az






