Bu ilin təhsil xərcləri necə icra edilib?

00:25 / 11.08.2021
2020
2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz və ya 120,6 milyon manat azalaraq, 1363 milyon manat icra edilib.
Sfera.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin "Dövlət büdcəsinin, o cümlədən, büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabat”ında yer alıb.
Bildirilib ki, təhsil xərcləri 1450,1 milyon manat proqnoza qarşı 94 faiz və ya 87,1 milyon manat kəsirlə icra edilərək, illik proqnozun 41,6 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında təhsil xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və aprel az, digər aylarda çox icra olunub.
Büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrası hesabatına əsasən, 2021-ci ilin dövlət büdcəsində təhsil xərcləri üzrə təsdiq olunmuş 3277,7 milyon manat məbləğində büdcədən ayrılan və büdcədənkənar vəsaitin 3258,4 milyon manatı büdcə təşkilatlarının sifarişləri əsasında 17 proqramın (32 hədəf üzrə 102 tədbirin) icrasına yönəldilib.
2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri bölməsindən 1363 milyon manat vəsaitin yönəldilməsi ilə 16 proqramın (28 hədəf üzrə 80 tədbirin) icrasına başlanılıb ki, bu da proqnozlaşdırılan vəsaitin 41,8 faizini təşkil edir.
Cari ilin yanvar-iyun aylarında təhsil xərcləri bölməsində nəzərdə tutulmuş proqramların icrası üçün xərclənən vəsaitin əsas hissəsi (61,3 faiz və ya 836 milyon manat) "Ümumi təhsil” proqramı, ən az hissə isə (0,14 faiz vəya 1,9 milyon manat) "Təhsil sahəsində tətbiqi tədqiqatlar” və "İstedadlı uşaqların işinin təşkili” proqramları təşkil edir.