Taksi fəaliyyətinə müdaxilə yolverilməzdir – Ekspert rəyləri

Taksi fəaliyyətinə müdaxilə yolverilməzdir – Ekspert rəyləri

"Qərar kökündən yanlış və müasir dünyaya uymayan qərardır”.


Sfera.az-a açıqlamasında bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi xidməti ilə bağlı vahid tarif və vahid dispetçer mərkəzinin yaradılması barədə təklifini dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

 

"Nəqliyyat vasitələrilə daşınmanın qiymətinin qalxmasına baxmayaraq, qiymətin ucuzlaşdığı yeganə sahə taksi xidməti idi. Çünki burada rəqabət mühiti yaranıb. Belədə həmin sahədə qiymətin bazar qaydalarına uyğun tənzimlənməsinin şahidi idik. Amma görünən odur ki, bu sahəyə dövlət müdaxilə etmək cəhdlərində bulunur. Bu isə nəinki yolverilməzdir, həm də mümkünsüzdür.

 

Vahid tarif sistemi və vahid dispetçer xidmətinin yaradılması mümkünsüzdür. Hətta sovetlər dönəmində vahid tarif və vahid dispetçer sistemi olub. Ancaq o zaman belə vətəndaşlar taksi xidməti göstərirdi. Yəni SSRİ bunun qarşısını ala bilmədi. İndi Azərbaycan dövləti bunu necə edəcək? Hər maşının arxasına bir nəzarətçimi qoyacaq”.

 

Həmsöhbətimiz qeyd etdi ki, dövlət bu prosesə müdaxilə etməməlidir: "Vahid tarif sisteminin tətbiqinə dövlət müdaxilə etməməlidir. Vətəndaş öz maşını ilə fərqləndirmə nişanı alıb, taksi xidməti göstərirsə, dövlətin ona qiymət qoyması doğru deyil. Qiyməti satıcı ilə alıcının münasibətləri müəyyənləşdirir. Ona görə də qərar kökündən yanlış və müasir dünyaya uymayan qərardır. Zərərin yarısından geri qayıdıb qərarı gündəlikdən çıxarmaq lazımdır”.

 

 

"Dispetçer xidmətinin bir əldə olması təhlükəli haldır”


Bunu isə sayta açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib: "BNA-nın bu yanaşması yanlışdır. Vahid dispetçer mərkəzi, kvota, tariflərin dövlət tərəfindən tənzimlənməsi taksi fəaliyyətində nizam-intizam yaratmaq üçün ən sonuncu addımlardandır.

 

Birinci addım isə vergi uçotuna durmaq, əmək fəaliyyəti şərtləri və onlara əməl edilməsi məsələsidir. BNA-nın iddiasına görə, Bakıda 25-35 min taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələri var. Amma statistikaya baxanda görürük ki, onların cəmi 1500-ü fərqlənmə nişanı ilə fəaliyyət göstərir. Ona görə ilk növbədə bu qanunda göstərilən şərtlərdən kənar fəaliyyət göstərən 90 faiz taksilərlə bağlı qayda-qanun yaradılmalıdır.

 

Belədə dispetçer xidmətinin, kvota qoyulmasının nə əhəmiyyəti olacaq? Tariflər kimə tətbiq ediləcək? Taksi aqreqatorlarının da hüquqi statusu və onların kimləri taksi xidmətinə cəlb edə bilmələri müəyyənləşməlidir. Burada azad rəqabət olmalıdır”.

 

Həmsöhbətimiz düşünür ki, dispetçer xidmətinin bir əldə olması təhlükəli haldır: "Dispetçer xidməti klssik mənada yalnız avtobus, tramvay və troleybuslar üçün tətbiq edilir. Dispetçer xidmətinin vəzifəsi də avtobusun hərəkət qrafiki, interval məsələsinin tənzimlənməsindən ibarətdir.

 

Taksi fəaliyyəti üçün isə mərkəzləşdirilmiş dispetçer xidməti lazım deyil, faydası da yoxdur. Bu hal inhisarçıığa gətirib çıxaracaq. Dispetçer xidmətinin bir əldə olması ilə taksi sürücüləri daha asan istismar ediləcək. Belə xidmət yalnız ayrı-ayrı taksi şirkətlərinə lazım ola bilər”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR