Spikerdən İran Parlamentinə Xocalı ÇAĞIRIŞI: Qarşı tərəfin cavabı nə olacaq?

Spikerdən İran Parlamentinə Xocalı ÇAĞIRIŞI: Qarşı tərəfin cavabı nə olacaq?
Bu gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Şurası Məclisinin rəhbəri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

Görüşdə diqqətçəkən əsas məqam S.Qafarovanın İran parlamentini Xocalı soyqırımını tanımağa çağırması olub.

Maraqlıdır, qarşı tərəf çağırışa müsbət cavab verəcəkmi?

Bununla bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sistemində istər bölgə ölkələri, istərsə də digər dünya ölkələri ilə sıx əməkdaşlıq etmək niyyətində olub, qarşılıqlı əlaqələr qurmağa çalışıb:

"Azərbaycanla İran arasında dost münasibətləri var. Biz bunun dəfələrlə ölkə başçısı İlham Əliyev tərəfindən qeyd edildiyini görmüşük. O cümlədən bölgə ölkəsi olduğu üçün İranla iqtisadi, ticari əlaqələrimiz var. Bu baxımdan Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyətinin İrana səfər etməsi, burada keçirilən görüşlər, xüsusən də Xocalı soyqırımının tanınması ilə bağlı çağırış, əlbəttə, müsbət haldır. Ümid edirik ki, İran tərəfindən məhz Xocalı soyqırımının tanınması həyata keçiriləcək”.

Müsahibimiz Xocalı soyqırımını artıq bir neçə dövlətlərin, o cümlədən ABŞ-ın bəzi ştatlarının tanıdığını da xatırladıb:
 
"Digər tərəfdən İran islam respublikasıdır və  Ermənistan sözügedən soyqırımı, vandallığı əsasən İslam mənsubiyyətli insanlara – xalqımıza qarşı edib. Azərbaycan tolerant ölkə kimi dünyaya nümunədir. Ermənistanın 30 il müddətində torpaqlarımızı işğala məruz qoyduğu zaman burada dini abidələrin tamamilə dağıdılmasını, məscidlərə qarşı təhqirlərin edilməsini, orada heyvan saxlamaqlarını, düşünürəm ki, digər ölkələr kimi İran da yaxından izləyib.  Məhz buna görə də, İran İslam Respublikasının parlament səviyyəsində Xocalı soyqırımının tanıdılması istiqamətində addımlar atacağına ümidlə yanaşmalıyıq”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR