“Söz azadlığı” arxasındakı gizlinlər

“Söz azadlığı” arxasındakı gizlinlər
Tarixi ədalətin, haqqın və beynəlxalq hüququn bərpası uğrunda savaşımız, Vətən müharibəmiz davam edir. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza birbaşa müraciətlərində və "Twitter” paylaşımlarında ordumuzun hərbi uğurları barədə məlumat verir, işğaldan azad etdiyi kənd, qəsəbə, şəhər və rayonlarımızın, geri aldığı strateji yüksəkliklərin adlarını açıqlayır. 30 ilə yaxındır ki, hər bir Azərbaycan vətəndaşı məhz bu xəbərləri gözləyirdi. O xəbərləri ki, Qarabağ uğrunda verdiyimiz şəhidlərin ruhunun rahatlıq tapmasına, qəddimizin düzəlməsinə və Milli Qürurumuzun qorunmasına xidmət edir. Hərbi uğurlarımızla və düşmənə sərt mesajları ilə bağlı Prezident İlham Əliyevin xalqımıza müraciətlərinin əsl dəyərini zaman və tarix verəcək.

Azərbaycanlıların indiki nəslinin xüsusi dəyər verdiyi isə budur ki, Milli Qürur qorunmadan və ərazi bütövlüyümüz bərpa edilmədən sözün tam mənasında müstəqil dövlətin vətəndaşı olmaqla öyünmək mümkün deyil. Verdiyimiz şəhidlər hər birimizi tarixi qələbəmizlə yanaşı, həm də bu hissin gerçəkləşəcəyi günə yaxınlaşdırır. Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza  şəfa versin. Müharibə, düşmən üzərində qələbə bunsuz olmur, ərazi bütövlüyü və Milli Qürur şəhid vermədən qorunmur.

30 ilə yaxın müddətdə Azərbaycan dövləti və xalqı tarixi ədalətə danışıqlar masasında nail olunacağına ümid etdi, səbrlə dözdü. Amma düşmən heç cür ipə-sapa yatmadı, əksinə daha da şirnikləşdi. Qarabağı özününkü hesab etdi, başqa ərazilərimizi hədəf seçdi. Çünki, ağızlarında şirə qalmışdı. Çünki, bu illər ərzində vasitəçilər işğalçını guya haqq yoluna gətirə bilmirdilər. Çünki, vasitəçilərdən bəziləri tərəfsiz deyildi və bu gün də deyil. Çünki, düşmən nə o vaxt tək idi, nə də indi...

Ali Baş Komandanımızın təbirincə desək, "düşmənin məğlubedilməzliyinin bir mif olduğunu” ordumuz hərbi uğurları ilə hər gün sübut edir. Uğurlarımıza kölgə salmaq üçün Ermənistan və xaricdəki erməni lobbiləri kütləvi şəkildə dezinformasiya yaymaqla məşğuldurlar. Bu sahədə işləri keçərlidir, çünki xarici media qurumlarının bir çoxu erməni lobbisinin təsiri altındadır. Azərbaycan əsgərinin hərbi uğurlarına kölgə salmaq, ən başlıcası, üçüncü tərəfləri hərbi münaqişədə açıq iştiraka cəlb etmək üçün dayanmadan bu uydurmanı tirajlayırlar ki, guya Türkiyə hərbçiləri və Suriyadan olan muzdlular tərəfimizdə döyüşür. Əslində, ermənilər həmişə qabaqdangəlmişlik ediblər. Bu da onların tarixi vərdişlərindən biridir. Yaxın Şərqdən, o cümlədən, Suriya və Livandan olan etnik ermənilərin, bəzi terror təşkilatlarının və Avropa ölkələrində nasist ideologiyasına qulluq edənlərin öz tərəflərində döyüşdüklərini gizlətmək, ört-basdır etmək üçün burada da qabaqdangəlmişlik edirlər. Dəlilsiz və sübutsuz informasiyalar, yalan və uydurmalar isə, təəssüf ki, beynəlxalq media qurumlarının bəziləri tərəfindən oxucu və izləyiciyə həqiqət kimi sırınır. Nəzərə alsaq ki, türkfobiya və islamofobiya hazırda bəzi dövlətlərin siyasətində əsas mövzudur, onların media qurumları erməni lobbisinin təsiri altında bu cür yalanları öz auditoriyalarına asanlıqla həzm etdirə və ictimai şüura aşılaya bilirlər.

Sentyabrın 27-dən indiyədək hər birimiz onun da şahidiyik ki, yaxın və uzaq xaricin media qurumları dövlətimizin başçısından çoxsaylı müsahibələr alırlar. Əslində, bu müsahibələr Prezident İlham Əliyevin həm də informasiya savaşında ön cəbhədə olduğunun göstəricisidir. Təəssüf ki, həmin müsahibələrin bəzilərində bir çox suallar məhz düşmən dezinformasiyalarından qaynaqlanır. Dövlətimizin başçısı hüquqi və tarixi arqumentlərlə, real faktlarla, səbrlə erməni yalanlarını, böhtan və uydurmalarını ifşa etsə də, növbəti müsahibələrdə eyni suallar yenidən təkrar-təkrar verilir. Məsələn, soruşurlar ki, hərbi əməliyyatlara niyə məhz indi başladınız? Amma soruşmurlar ki, tarixi torpaqlarının 30 ilə yaxın müddətdə işğal altında qalmasına Azərbaycan xalqı necə dözüb? Jurnalistlərdən bəziləri, hətta ən peşəkarları, suallarında Dağlıq Qarabağı mübahisəli ərazi kimi təqdim etməyə çalışır. Amma bu peşəkar media nümayəndələri nədənsə unudurlar ki, Dağlıq Qarabağ həm tarixən, həm də hüquqi baxımdan Azərbaycan ərazisidir. Onlardan bəziləri BMT TŞ-nın məlum dörd qətnaməsindən xəbərdar olsalar da, bunu da dilə gətirmirlər. Soruşurlar ki, hərbçiləriniz Şuşadakı kilsəni niyə vurublar? Amma eynlərində belə deyil ki, bu illər ərzində Qarabağda 67 məsciddən çoxunu ermənilər yerlə yeksan ediblər, qalanını isə donuz fermasına çeviriblər. Erməni lobbisinin təsiri altında olan media nümayəndələrini narahat edən budur ki, Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra, orada yaşayan ermənilər etnik təmizləməyə, hətta soyqırıma məruz qala bilərlər. Amma Xocalı soyqırımı belələrinin umurunda belə deyil, bu haqda heç soruşmurlar da. "Peşəkar” jurnalistlərin həmin qətliamın ermənilər tərəfindən bilərəkdən törədildiyini etiraf etmiş Ermənistanın keçmiş prezidenti S.Sarqsyanın müsahibəsindən də guya xəbərləri yoxdur. Onlar üçün o da maraqlı deyil ki, minlərlə erməni, hətta bu illər ərzində Azərbaycan vətəndaşı olaraq xüsusən Bakı şəhərində yaşamaqda davam edib, layiqli həyat sürürlər. Həmin jurnalistləri o da maraqlandırmır ki, Ermənistanın işğalı nəticəsində 750 min azərbaycanlı öz Vətənində məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan əhalisinin onda birini təşkil edən bu insanların qayğısı, sosial müdafiəsi, mənzil və işlə təminatı, qaçqın-köçkün şəhərciklərinin salınması Azərbaycan dövlətinin çiynində olub. Verilən suallardan biri də ölkəmizin Türkiyədən, İsraildən aldığı yüksək dəqiqlikli hərbi silahlarla bağlıdır. Jurnalistlərdən bəzilərinə dəqiq məlum olsa da, bilərəkdən üstünə gəlmirlər ki, hərbi texnika və sursatın böyük əksəriyyətini ölkəmiz məhz Rusiyadan alıb. Ən başlıcası, əksəriyyəti üçün heç maraqlı da deyil ki, bu silahlara görə Azərbaycan büdcəsindən milyardlarla vəsait ödənib. Amma sual verən jurnalisti heç maraqlandırmır ki, səkkiz milyard xarici borcu, cəmi milyard yarım qeyri-likvid valyuta ehtiyatı olan Ermənistan bu illər ərzində bu miqyasda necə silahlana bilib, onu kimlər silahlandırıb? Kimlər bu günün özündə də işğalçını silahlandırmaqda davam edir? Jurnalistlərdən bəzilərinin hətta qərəzli suallarını səmimiyyətimizdən "söz azadlığına”, onları səsləndirənləri isə "peşəkarlar” gildiyasına aid edirik. Ən başlıcası, obyektivlikdən uzaq, qərəzli yanaşmalarla üzləşdikdə bir daha əmin oluruq ki, tarixi həqiqətləri sübut etməyin yeganə yolu ordumuzun gücü hesabına işğalçını bütün torpaqlarımızdan çıxarmaqdır.

Prezident İlham Əliyev noyabrın 2-də İtaliyanın "La Republica” qəzetinə müsahibəsində haqlı tələbimizi bir daha təkrar etdi: "Mənim istinad etdiyim başqa bir məqam ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar”. Vasitəçilərə hər kəsdən daha çox məlumdur ki, hərbi münaqişə mütləq qaydada informasiya savaşı ilə müşayiət olunur. Təəssüf ki, vasitəçi ölkələrdən bəzilərinin informasiya məkanında tərəfkeşlik, qərəz və məqsədli yalan bu günün özündə də səngimək bilmir. İddia oluna bilər ki, söz və fikir azadlığına müdaxilə imkanları yoxdur. Bu iddia keçərsizdir. Çünki, həmin ölkələrin dövlətə bağlılığı olan informasiya məkanında təkcə jurnalistlər deyil, rəsmi şəxslər tərəfindən aparılan anti-Azərbaycan təbliğatını hər gün izləməkdəyik. Özü də gün ərzində bir neçə dəfə, müxtəlif telekanallarda, müxtəlif nəşrlərdə. Bu cür hallar onsuz da haqsızlığa məruz qalmış cəmiyyətimizdə əlavə qəzəb dalğasına səbəb olur. Ən sağalmazı isə, o cür rəsmilərin oyatdığı nifrət hissidir. Belələrinin sərgilədikləri davranış və ritorikanın yüksək eşalonla bağlı olmadığına, məhz oradan qaynaqlanmadığına Azərbaycan cəmiyyətini inandırıb əmin etmək üçün, vasitəçi ölkələrin yüksək səlahiyyət sahibləri mümkün olanı etməlidirlər ki, onların informasiya məkanında neytrallıq və obyektivlik qorunsun. Ən azından, rəsmi şəxslərin mediadakı tərəfkeş və qərəzli çıxışları onların tərəfsizliyinə və səylərinə kölgə salmasın.

Milli Məclisin deputatı                                                                  

Ülvi Quliyev

OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...