“Sosial şəbəkədə trolların hücumu…” – Millət vəkili sosial şəbəkələrdən narazılıq etdi

“Sosial şəbəkədə trolların hücumu…” – Millət vəkili sosial şəbəkələrdən narazılıq etdi

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov özünün rəsmi facebook səhifəsindən seçicilərinə müraciət edib.

 

Sfera.az sözügedən müraciəti oxucularına təqdim edir:


"Hörmətli seçicilər, əziz dostlar!

Parlamentin növbədənkənar sessiyasının bu günkü plenar iclasında çıxış etdim və 3 istiqamətdə narahatlığımı bildirdim. Sözügedən çıxışın məzmununu diqqətinizə çatdırıram:


Son 2 gündə Biləsuvar rayonunun Arazbarı, Səmədabad, Nərimankənd, Nəsimikənd, Ağayrı, Günəşli, İsmətli, Aranlı, Çinarlı və Çaylı kəndlərində qəbullar keçirdim və bir daha aydın oldu ki, həmin kəndlər də daxil olmaqla, Biləsuvar rayonunda içməli su və suvarma suyu çatışmazlığı kəskin formada hiss edilməkdədir. Bəzi əkin sahələrinin və kəndlərin demək olar ki, hamısında həyətyanı sahələrin suvarılmasında problemlər var və bunun rayon və ya regional səviyyədə həlli mümkün deyil. Bundan başqa, mövcud su ehtiyatları drenaj-kollektor sisteminin yetərli olmaması, yaxud pis vəziyyətdə olması ucbatından su itkiyə gedir, bu vəziyyət həmçinin torpaqlarda ciddi şoranlaşma və səhralaşmaya səbəb olur. Eləcə də, saydığım bütün kəndlərdə insanların örüş sahələrindən məhrum olması ciddi problemə çevrilib, təhsil və səhiyyə obyektlərində ciddi təmir-tikinti işlərinin aparılmasına , həmçinin kadr təminatına ehtiyac var. Sadaladığım məsələlərlə bağlı rəsmi məktubumu yaxın günlərdə aidiyyatı qurumlara ünvanlayacağam.”

 

Millət vəkili fikrinin davamında bunları bildirib: "Bundan əlavə, hesab edirəm ki, Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı zamanı cənab Prezidentin xəritədə düzəliş edilməsi ilə bağlı irad və tapşırıqları (red. Sisyan əvəzinə, rayonun əsl adı olan Qarakilsə yazılmasına dair) son 10 gündə həqiqətlərin və tarixi ədalətin bərpası istiqamətində ikinci mühim diplomatik həmlə oldu. Amma çox təəssüf ki, ölkənin bəzi media orqanları, bəzi siyasilər tarixi ədalətin bərpasına yönəlmiş bu milli siyasi xətti dəstəkləməkdənsə, dövlət əhəmiyyətli məsələləri ayrı-ayrı dəyərli tarixi şəxsiyyətlərimizə hücum kimi təqdim etməyə çalışırlar. Əgər belə həssas məsələdə bizdən kimsə təxribatçı çıxışlar edəcəyiksə, vahid mövqe nümayiş etdirə bilməyəcəyiksə, dünya bizə nə deyər? Hesab edirəm ki, dövlət başçısının tarixi ərazilərimizə dair fikirlərini başqa cür qiymətləndirmək, "hakimiyyət uğrunda mübarizə”nin alətinə çevirmək siyasi əxlaqa sığmır, mənəvi deqradasiyadır.”


Bəhruz Məhərrəmov onu narahat edən daha bir məsələni vurğulamaqla fikrini yekunlaşdırıb: "Məni narahat edən növbəti məsələ sosial şəbəkələrlə bağlıdır. Bu gün Azərbaycanda sosial qaragüruh ucbatından ziyalılarımızın azadlıqları, o cümlədən öz rəyində qalmaq hüququ pozulmaqdadır. İnsanlar artıq sosial şəbəkədə trolların, müəyyən dairələrdən qidalanan və idarə olunan "şəxs"lərin hücumları ucbatından öz rəylərini, fikirlərini rahat formada ifadə edə bilmir. Hesab edirəm ki, bu məsələ ilə bağlı artıq konkret tədbirlər görülməlidir, mən də öz təkliflərimi yazılı formada təqdim edəcəyəm.”

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...