SOCAR-ın qeyri-neft sektorundakı layihələrinin nəticələri - ŞƏRH

SOCAR-ın qeyri-neft sektorundakı layihələrinin nəticələri - ŞƏRH
 

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 166,981 min ton həcmində metanol (metil spirti) ixrac edib ki, bu həcmdə metanolun dəyəri 16,698 mln. ABŞ dolları təşkil edib. Bu dövrdə metanolun Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında payı 2,31% olub.

Hesabat dövründə SOCAR-ın Sumqayıtda yerləşən Karbamid zavodunda istehsal olunan azot gübrəsinin ixrac həcmi 50,438 min ton təşkil edib ki, bu həcmdə məhsulun dəyəri 7,365 mln ABŞ dolları olub.

İlin 5 ayında Azərbaycan 59,858 min ton həcmində polietilen ixrac edib ki, bu məhsulun dəyəri 38,292 mln. ABŞ dolları təşkil edib. Polietilenin Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında payı 5,31% olub.

İlin 5 ayında 39,705 min ton həcmində polipropilen ixrac olunub ki, onun dəyəri 31,925 mln ABŞ dolları təşkil edib. Bu məhsulun Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında payı 4,43% olub.

Yuxarıda qeyd edilən məhsullar Azərbaycanın qeyri-neft sektorunda müəyyən paya malikdir və əksəriyyəti SOCAR-ın yeni istifadəyə verilən müəssisələrində istehsal edilən məhsullardır. Belə ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen zavodunda, polietilen illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodunda, azot gübrəsi illik istehsal gücü 650-660 min ton olan SOCAR-ın Karbamid zavodunda istehsal edilir. Metanolun istehsalı isə Qaradağ rayonunda yerləşən 2017-ci ildən SOCAR-ın mülkiyyətində olan illik istehsal gücü 650-700 min ton təşkil edən Metanol Zavodunda həyata keçirilir.

Bəs bu layihələr qeyri-neft sektorunun inkişafında gözləntilərə cavab verirmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov bildirib ki, ölkədə iqtisadi islahatlarla bağlı atılmış düşünülmüş addımlar öz müsbət nəticələrini verib: "Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar effektiv nəticəsini göstərir. Məsələn, beş ayın iqtisadi göstəricilərində qeyri-neft sənayesi 14 faiz artıb. Bu onu deməyə əsas verir ki, Azərbaycan vaxtında qeyri-neft sənayesində müəyyən layihələr həyata keçirə bilib ki, bu gün neftin qiymətinin aşağı düşdüyü bir dövrdə sənaye artımlarında müəyyən nəticələr əldə edə bilmişik. Bu nəticələr yaradılmış texnoparklarda, sənaye zonalarında fəaliyyətə başlamış yeni sənaye müəssələrinin fəaliyyətində özünü göstərir”.

A.Badamov deyib ki, məsələn, Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilmiş SOCAR-ın Karbamid zavodu və "SOCAR Polymer”in Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodları istehsal etdikləri məhsulları ilə həm ölkə iqtisadiyyatına töhfə verir, həm də bu müəssisələr ixracyönümlü məhsulların həcminin artmasına imkan yaradır.

O bildirib ki, bu gün bu zavodlarda istehsal olunan mal və məhsullar dünyada tələb olunan və beynəlxalq standartlara cavab verən məhsullardır: "SOCAR-ın bu istiqamətdə böyük layhələri var. Düşünürəm ki, qeyri-neft sektorunun inkişafı istiqamətində atılmış bu addımlar Azərbaycanın gələcək inkişaf templərinin qorunmasına imkan yaradacaq”.


OXŞAR XƏBƏRLƏR