Ərdoğanı Azərbaycana gəlməyə kimlər qoymadı - qanlı əngəlin sirri
Siyasət
13:47 / 18.02.2016
8363
Ankara terrorunda "SU-24” kölgəsi...; Türkiyə liderinin Azərbaycana səfərinə öncə "dumanlı Gəncə” kölgə saldı, daha sonra isə Ankaradakı qətliam mane oldu; hərbçiləri hədəfə alan terroru bir çoxları "təyyarə revanşı” hesab edir; qardaş ölkə böyük güclərin təhdidi və hədəfində...
Ərdoğana Azərbaycana gəlmək imkanı vermədilər. Ankarada həyata keçirilən xain və qanlı terror Türkiyə prezidentinin mühüm bir missiyasını təxirə saldırdı.
Bəlkə də məqsəd elə bu idi? Bəlkə də daha qlobal məqsədlər var. Lakin bir gerçək ortadadır. Qardaş Türkiyə böyük güclərin və oyunların təhdid və hədəf nöqtəsi halındadır. Və bu, böyük təhlükədir.
Türkiyə Azərbaycanın əsas müttəfiqidir. Dünyada Türkiyə və Azərbaycan kimi maraqları 100 faizlə üst-üstə düşən başqa bir nümunə ikilik yoxdur...
Bu gün bu maraqlar Azərbaycanda kəsişəcəkdi. Gəncədə dünyaya və ən əsası da, dost-düşmənə görk olacaq bir toplantı planlaşdırılmışdı: Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakıyla Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcəkdi. Azərbaycan prezidenti də artıq bir gün öncədən Gəncə və ətraf bölgələrdə idi. Görüş, hələ baş tutmadan dünya mediasının, xüsusi ilə də Rusiya mətbuatının gündəmində idi. Kimlər nə yazır, nə deyirdi - bir azdan diqqətinizə çatdıracağıq. Lakin dünən qəflətən məlum oldu ki, Türkiyə prezidentinin təyyarəsi Gəncəyə deyil, Bakıya enəcək.
Türkiyə tərəfi bunu da Gəncə və çevrəsindəki hava şərtləri ilə əlaqələndirdi. Lakin "Yeni Müsavat”ın özəl məlumatları durumun fərqli olduğunu ortaya qoydu. Biz bu barədə qəzetimizin çap versiyasında fərqli manşetlə çıxış etmişik. Məlumat bu idi ki, Tayyib Ərdoğanın təyyarəsinin Gəncəyə enməməsi hər hansı bir duman-çənlə bağlı deyildi - burada özəl səbəb və ciddi təhlükə var idi... Eyni zamanda, Türkiyə mətbuatı yazırdı ki, Suriyadan Türkiyəyə, hava limanlarında bombalı qətliamlar törətmək üçün 14 canlı bomba keçib...
****
"Yeni Müsavat”ın manşetindən bir parça: " Bəzi ehtimallara görə, səfər marşrutu Gəncədən Bakıya dumanlı havaya görə yox, əslində ali qonağın təhlükəsizliyi səbəbi ilə dəyişdirilib, sadəcə, əlavə suallar və mövzular çıxmasın deyə, bunu qabartmamaq qərara alınıb.
Söhbət ən əvvəl səfərə Rusiyanın yarada biləcəyi mümkün təhdidlərdən gedir. Məsələ ondadır ki, Gəncə Dağlıq Qarabağ münaqişəsi zonası ilə faktiki surətdə həmsərhəddir. Üstəlik, işğal altındakı yüksəkliklərdən şəhər "ovucun içindəki” kimi görünür...Nəzərə alanda ki, erməni işğalçı qüvvələri, ümumən bölgə və onun ətrafı Rusiya kəşfiyyatının güclü nəzarətindədir və Ankara ilə gərgin münasibətlərdə olan, "Su 24" insidentinə görə revanş istəyi ilə alışıb-yanan Moskva ”erməni kartı"ndan yararlanıb, onun arxasında gizlənə bilər, o zaman mənzərə daha da ciddiləşər. Hər necə olmasa, dünyanın barmaqla sayılacaq peşəkar təhlükəsizlik qurumlarından bir kimi Türkiyə Milli İstihbarat Təşkilatı hansısa güclü kontur-dəlillərə malik olub ki, belə bir qəfil qərar çıxarılıb.
***
Lakin Ankarada çıxan və əsasən də Türkiyə hərbçilərini hədəfə alan xain terror Ərdoğanın səfərini ümumilikdə gündəmdən çıxartdı. Qəzetlərin çap versiyası belədir - yazıya pozu olmur - o səbəbdən biz "Yeni Müsavat”ın elektron versiyası üçün manşetimizi yenidən yazdıq. Hesab edirik ki, Türkiyəni hədəfə alan və təhdid edən təhlükələr sırasında, o cümlədən də Ankara terrorunda T.Ərdoğanın Gəncə səfərini əngəlləyən amillər olduğu kimi yer almaqdadır...Bu , terror təşkilatlarının eyləmindən daha çox arxasında konkret dövlət və ya dövlətlər dayanan xain revanşa bənzəyir.
****
Terror hansı bir prosesi əngəllədi? Ərdoğan Azərbaycana niyə gəlirdi? Bu barədə dünya çaplı analitiklər nələr yazırdılar, nələri qabardırdılar?
****
"Yeni Müsavat”ın manşetindən: "Səfər ərəfəsində bu suala həm yerli (Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan), həm də Qərb mediası cavab tapmağa çalışdı ki, bu da bir daha ziyarətin önəmindən və gözləntilərin ciddiliyindən xəbər verir. Məsələn, bəzi Qərb analitiklərinə görə, prezident Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirməyə, Rusiyanın Güney Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışacaq. Maraqlıdır ki, səfərin ertəsi gün - fevralın 19-da Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü planlaşdırılır.
Rusiyanın nüfuzlu gazeta.ru nəşri isə səfəri iki kontekstdə qiymətləndirib: "Ya Türkiyə prezidenti azərbaycanlı həmkarından onun Rusiya ilə danışıqlarını təşkil etməyi xahiş edəcək, ya da Bakıdan Qarabağda müharibəni aktivləşdirməsini istəyəcək. Çünki belə bir aktivlik Rusiyanın diqqətini Yaxın Şərqdən yayındıra bilər. Birinci variantda İlham Əliyev bütün səylərini işə salacaq. Lakin ikinci variant haqda bunu demək çətindir. Çünki bu həm də Putinlə müharibə aparmaqdır”, - nəşr iddia eləmişdi.
Bakıya vasitəçilik təklifi məsələsini türkiyəli ekspertlər də istisna etmirlər. Ancaq bunun necə, hansı formada və ya formatda ediləcəyi və reallaşacağı hələlik bəlli deyil. Səfər ərəfəsində Ankara və Moskva arasında gedən təbliğat-informasiya savaşının daha da sərtləşməsi, o sırada baş nazir Əhməd Davudoğlunun Kiyev bəyanatları və ona Kremlin kəskin reaksiyası, nəhayət, prezident Ərdoğanın Rusiyanı növbəti dəfə Suriyada antibəşəri cinayətlər törətməkdə suçlaması bu təşəbbüsün perspektivini qaranlıq edir.
Yeri gəlmişkən, Ərdoğanın ziyarəti öncəsi Suriya məsələsində Ankaranın Rusiyaya qarşı sərgilədiyi sərt və barışmaz mövqeyə ABŞ prezidenti Barak Obamadan dəstək xarakterli açıqlama gəlib. Cənub-Şərqi Asiya ölkələri birliyi (ASEAN) liderlərini bir araya gətirən zirvə görüşünün ardından keçirilən mətbuat konfransında Suriyada dinc insanların kütləvi qətlinə və Rusiyanın bölgədəki hərəkətlərinə dair sualı cavablandıran Obama rəsmi Moskvanın Bəşər Əsəd rejimini əvvəldən bəri dəstəklədiyini xatırladıb və əlavə edib:
"Rusiya özünü bir bataqlığa soxacaq demişdim və əminəm ki, bu mütləq olacaq. Suriyada savaşın bitəcəyini düşünənlər varsa, onlara xatırladım ki, ölkənin dörddə üçü hələ də Əsəd əleyhdarlarının əlindədir. Bu münaqişə yaxın zamanlarda da bitməyəcək”.
Bütün bunlar öncədən də vurğuladığımız kimi, səfər ərəfəsi Azərbaycanın həmsərhəd hesab olunduğu Yaxın Şərq bölgəsi və ətrafında qlobal-regionalı güclər arasında münasibətlərin nə dərəcədə gərgin, partlayış xarakterli olduğuna şübhə saxlamır. Qardaş ölkə liderinin ölkəmizə gəlişini əvvəlkilərdən fərqləndirən ən mühüm cəhət də elə budur”.
***
Ankarada əsasən hərbçiləri hədəf alaraq, həyata keçirilən terror aktı vasitəsi ilə verilən mesaj bəzilər üçün "Su-24” təyyarəsinin vurulmasına Rusiya və müttəfiqlərinin cavabı kimi qiymətləndirilib. Təbii ki, bu versiya üzərində birmənalı iddialar qurmaq mümkün deyil. Lakin onun yaşamaq haqqı da var. Hətta bir sıra azərbaycanlı analitiklər, media kapitanları sosial şəbəkələrdə bu terror aktının arxasında duranların kimliyi barədə mülahizələrini, Rusiyanı işarə edərək, bölüşürlər...
Görünənsə budur ki, Ankarada törədilən terror hələ son deyil. Bu xain və qanlı əyləmin arxasından PKK da, İŞİD də, başqa bir imza da çıxa bilər. Lakin burada əsas məsələ terroru həyata keçirən "maşalar” deyil, onu sifariş verənlərdir.