“Ölkədə toxunulmaz adam yoxdur” - İlham Əliyev + VİDEO

“Ölkədə toxunulmaz adam yoxdur” - İlham Əliyev +  VİDEO

Bu gün biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik. Üçüncü proqram 2014-cü ildə qəbul edilib və uğurla icra edilir. Hər il bu proqramın icrasını müzakirə edirik. Gələcək fəaliyyətlər üçün istiqamətlər müəyyən edirik. Bir sözlə bu proqramın icrası çox uğurlu addımımızdır.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, 2004-cü ildə birinci proqram qəbul olunanda məsələ elə qoyulmuşdu ki, Azərbaycan regionları sürətlə inkişaf etməlidir: "Regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun. 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq, Azərbaycanda 2015-ci ildə bir çox məsələlər öz həllini tapıb. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilib".

Prezident İlham Əliyev bildirib ki, o qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alaraq, əlbəttə ki, bu, bizim böyük uğurumuzdur: "Çünki bizim bölgəmizdə qanlı toqquşmalar, müharibələr davam edir, yeni qarşıdurma ocaqları yaranır. Avropada həm iqtisadi böhran yaşanır, eyni zamanda miqrantlarla bağlı vəziyyət gərginləşir. Öz evlərini, yaxınlarını , əmlaknı itirmiş insanlar Avropaya pənah gətirirlər və onları orda nələr gözləyir - hamımızın gözü qarşısında baş verir. Əfsuslar olsun ki, miqrant böhranı Avropada radikal qüvvələrin güclənməsinə gətirib çıxarır. Bu da həm Avropa üçün, həm bizim üçün, həm də dünya üçün çox böyük təhlükədir. Azərbaycan uzun illərdir ki, dinlərarası, sivilizasiyalar arası dialoqun güclənməsində öz rolunu oynayır".

Prezident İlham Əliyev sonra qeyd edib ki, bütün gördüyümüz işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət yaradaq: "Xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ona görə ictimai-siyasi sabitliyin təmin olunması Azərbaycanda təbii haldır. Bir də demək istəyirəm ki, milli həmrəylik, vahid amal ətrafında xalqımızın birləşməsi və düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu realllıığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr baş verir, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir. Deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir".

Dövlət başçısı bildirib ki, keçən il demokratik inkişaf istiqamətində önəmli addımlar atılıb: "Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlar və iqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə də Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq. Keçən ilin sonunda parlament seçkiləri də bizim demokratiyaya nə qədər sadiq olduğumuzu bir daha sübut etdi. Bütün iştirak etmiş müşahidəçilərin rəyinə görə, parlament seçkiləri şəffaf və ədalətli keçirilib, Azərbaycan xalqının iradəsi və arzuları tam təmin edilib. Seçkilərin nəticələri bizim son illər ərzində apardığımız siyasətimizə çox böyük dəstəkdir. Mən bu seçkilərin nəticələrini belə qəbul edirəm. Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz böyük dəstəyini göstərmişdir. Mən buna görə Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, bütün dünyada baş verən hadisələrə, böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcək".

Prezident İlham Əliyev sonra deyib ki, keçən il bizim iqtisadi inkişafımız təmin edilib, baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumdaxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1.1 faiz artıb, ancaq indiki vəziyyətdə, neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq, hesab edirəm ki, bu müsbət nəticədir: "Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8.4 faiz artıb. Budur əsas göstərici. Çünki bu onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir. Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, 6.6 faiz artıb. Budur əsas göstəricilərimiz. Bu onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik və bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək".

Dövlət başçısı qeyd edib ki, enerji sektorunda 2015-ci il yadda qalan il olub: "Cənub Qaz dəhlizinin icrası istiqamətində çöx önəmli addımlar atılıb. Bildiyiniz kimi, ilin əvvəlində Cənub qaz dəhlizinin Bakıda birinci məşvərət şurası keçirilib, bu dəhlizin icrasında iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirdilər. Konkret proqram təsdiq edilib, birgə bəyannamə qəbul edilib ki, orada da Azərbaycanın bu dəhlizin reallaşmasında xüsusi və aparıcı rolu qeyd edilib. Cənub qaz dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir, bizim üçün isə bu dəhlizin reallaşması əlavə siyasi, maliyyə, iqtisadi imkanlar yaradacaq və imkan verəcək ki, bizim zəngin qaz resurslarımız dünya bazarlarına bunda sonra onilliklər ərzində ixrac edilsin. Bu da bizə iqtisadi mənfəət gətirəcək, valyuta axını təmin ediləcək və bizim daimi inkişafımız daha da möhkəm olacaq. Bu il Cənub qaz dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək. Bildiyiniz kimi bu layihə 4 layihədən ibarətdir – Şahdəniz, Cənub Qafqaz Kəməri, TANAP, TAP. Hər bir layihə üzrə işlər uğurla icra edilir".

Prezident İlham Əliyev bildirib ki, keçən il Azərbaycan dünyaya özünü çox güclü tranzit ölkəsi kimi təqdim edə bilmişdir: "Bildiyiniz kimi nəqliyyat infrastrukturuna qoyulan sərmayə bu imkanları yaradır. Bu gün şərqdən qərbə, şimaldan cənuba gedən yollar Azərbaycandan keçir. Bu da dünya üçün yenilikdir. Bunu biz yaratmışıq. Sərmayələri qoymaqla, gözəl biznes mühitini yaratmaqla biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk. Keçən il və bu il bu istiqamətdə çox önəmli addımlar atılıb. Artıq nəinki Orta Asiyadan Avropaya, Çindən, hətta Cənubi Koreyadan Avropaya Azərbaycan üzərindən yüklər getməyə başlayıb. Eyni zamanda, tarixdə ilk dəfə biz tarixi İpək Yolunu bərpa edirik. Bununla bərabər, ilk dəfə olaraq Avropadan Asiyaya, Ukraynadan Çinə yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Əvvəlki illərdə Gürcüstan, Rusiya üzərindən gedən, Türkiyədən Orta Asiyaya gedən yüklər indi Azərbaycan üzərindən, Xəzər dənizi üzərindən Asiyaya gedir. Bütün imkanları biz yaratmışıq. Biz əgər bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkəsi ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz dəhlizi haqqında kimsə danışa bilərdimi?

Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Biz edirik bunları. Nəyə görə? Çünki bu bizim xalqımıza lazımdır, bu bizim dövlətimizi gücləndirir və bizim maraqlarımıza xidmət edir".
Dövlət başçısı deyib ki, 2015-ci ildə bütün sosial proqramlar icra edilib: "Mən bir daha demək istəyirəm ki, baxmayaraq ki, bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bu il də heç bir sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılıb. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir. Bir sözlə, hesab edirəm ki, keçən il ölkəmiz üçün uğurlu olmuşdur. Dünya iqtisadiyyatı stress vəziyyətindədir. Neftin qiyməti dörd dəfə düşüb. Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və müəyyən dərəcədə buna nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq bu da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və süni şəkildə biz milli valyutamızı istədiyimiz səviyyədə saxlaya bilmərik. Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, biz bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır". 


OXŞAR XƏBƏRLƏR