"Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

Siyasət
19:41 / 26.05.2018
2486
Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətiıə Gürcüstan parlamentində "İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masa keçirilib.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.
Müstəqilliyin hər iki xalqın ən böyük sərvəti olduğunu vurğulayan Oqtay Əsədov mövcud problemlərdən də danışıb: "Müstəqilliyimizin bərpasının ilk illərindən millətçilik, separatizm, işğalçılıq və təcavüzkarlıqla üzləşmişik. Hər iki dövlətin bir-birinin ərazi bütövlüyunü dəstəkləməsi bir-birimizə ən böyük dəstəyimizdir. Bu gün beynəlxalq hüququn deyil, gücün işlədiyi bir dövrdə çox böyük acılar yaşayırıq”.
Milli Məclisin sədri Dağlıq Qarabağda erməni separatizmi, erməni işğalçılarının yaratdığı problemlərə, torpaqlarımızın işğala məruz qalmasına, bir milyondan çox məcburi köçkün məsələsinə, Abxaziyada, Ukraynada və digər bölgələrdə mövcud olan problemlərə diqqət çəkib, bu münaqişələrin ədalətli, beynəlxalq huququn norma və prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb.