"O dövrdə Heydər Əliyev kimi şəxsiyyət yox idi deyə, cümhuriyyəti xilas etmək olmadı"

Bu gün "Heydər Əliyev siyasəti: Hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda konfrans keçirilib. 
 
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Heydər Əliyev irsi, Ulu Öndərin Azərbaycan mediası üçün gördüyü işlərdən danışıb: 

"Heydər Əliyev bugünkü demokratik sistemin banisi, vətəndaş cəmiyyətinin inkişafının təməlini qoyan böyük liderdir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bir sıra problemləri həll etdi. O cümlədən də, dilimizə qarşı olan ögey, laqeyd münasibəti aradan qaldırdı. Bütün dövlət orqanlarında rəsmi dil olaraq Azərbaycan dili təbliğ olundu, Azərbaycan dilli qəzetlərin sayı artdı. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra SSRİ dövründə qadağan olunmuş mövzularda yazılmağa başlanıldı. Azərbaycanda müstəqilliyin bərpası ilə medianın fəaliyyətinə də geniş yer ayrıldı. Onun Azərbaycan jurnalistikasının inkişafı üçün gördüyü işlər saysız-hesabsızdır. Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizin Avropa Şurası Parlament Assembleyasına üzv olması ilə media üzərindən senzura aradan qalxdı. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Bu gün Heydər Əliyev irsini uğurla davam etdirən cənab prezident İlham Əliyevin də siyasi kursunun əsas qollarından biri məhz KİV-in fəaliyyətinin  tənzimlənməsinə yönəlib. Bu gün Azərbaycanda 5 mindən artıq KİV qeydiyyatdadır. 30-dan artıq gündəlik, 200-ədək həftəlik mətbu nəşrlər var. 500-dən artıq jurnalist təşkilatı fəaliyyət göstərir”.

V.Əliyev Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı haqda da məlumat verib:

"Bu gün əhalinin 80 faizi internetdən istifadə edir. Bu istifadəçilərin 3 milyonunun sosial şəbəkə hesabları var”. 

Daha sonra "İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli çıxış edərək Heydər Əliyev irsi, onun Azərbaycan mediasına verdiyi töhfələr haqda danışıb. 
"Səs” İnformasiya Agentliyinin rəhbəri Bəhruz Quliyev isə bildirib ki, Heydər Əliyev nəinki Azərbaycanın, eləcə də bütün dünyanın ən böyük liderlərindən biri olub: 

"İngiltərənin baş naziri Heydər Əliyev haqda deyirdi ki, o kiçik dövlətin böyük lideridir. Vaxtı ilə Azərbaycan məhz Heydər Əliyevin adı ilə tanınırdı. Bu gün biz 100 illik Cümhuriyyət tariximizi qeyd edirik. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti 2 il sonra süqut etdi. O dövrdə Heydər Əliyev kimi şəxsiyyət olmadığından cümhuriyyəti xilas etmək mümkünsüz oldu. Hər dövrdə liderə ehtiyac var. Xüsusən də ağır zamanlarda. Eləcə də 90-cı illərdə liderə ehtiyac var idi. O lider Heydər Əliyev idi”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR