AVCİYA prezident seçkiləri ilə bağlı aralıq hesabatını təqdim etdi

Siyasət
15:00 / 06.04.2018
2459
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib.
AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, hesabat 05 fevral-06 aprel 2018-ci il dövrü əhatə edir. O bildirib ki, hesabatda "İctimai-siyasi mühit”, "Söz və mətbuat azadlığı”, "Sərbəst toplaşmaq azadlığı”, "Namizədlərin irəli sürülməsi, qeydə alınması”, "Seçici siyahıları, Seçki administrasiyasının fəaliyyəti”, "Təbliğat və təşviqat kampaniyası”nın monitorinqinin nəticələri öz əksini tapıb.
M.Zülfüqarlı vurğulayıb ki, monitorinqin keçirildiyi dövrdə - müstəqil qəzetlərdə seçki xəbərləri ümumi xəbərlərin 13,27%-ni, müstəqil teleqraf agentliklərində 13,65%-ni, iqtidar qəzetlərində 17,62%-ni, müxalifət qəzetlərində 9,84%-ni təşkil edib. Onun sözlərinə görə, Müstəqil qəzetlər içərisində "Bakı xəbər” qəzeti (51,67%), müxalifət qəzetlərindən "Yeni Müsavat” qəzeti (50%), iqtidar qəzetlərindən "Azərbaycan” qəzeti (50,82%) öz səhifələrində seçki xəbərlərinə daha çox yer ayırıblar. APA və TREND informasiya agentliklərinin bu sahədə göstəriciləri eynidir (50%).
Hesabatda qeyd olunur ki, seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının fəaliyyətini qənaətbəxş qiymətləndirmək olar. MSK-nın gördüyü bütün işlər fəaliyyət proqramında göstərilən müddətlərdə, vaxtında həyata keçirilib. MSK tərəfindən seçki maarifçiliyinə aid bir sıra tədbirlər həyata keçirilib, müxtəlif vəsaitlər, seçki plakatları çap olunaraq yayılıb. Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilib və kənar müdaxilələr qeydə alınmayıb. Seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problemlər müşahidə edilməyib. KİV-in və jurnalistlərin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmayıb. Vətəndaş cəmiyyəti institutlarının seçki maarifçiliyi, seçkilərin monitorinqi və müşahidəsinə hazırlıq fəaliyyətlərinə, paytaxt və regionlarda seçicilərlə görüşlərinə və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilməyib.
AVCİYA Seçki Qərargahının müxtəlif sahələrdə apardığı monitorinqin nəticələri göstərir ki, 11 aprel Prezident seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyət, seçicilərin fəallığı, mövcud qanunvericilik və digər amillər ölkədə demokratik və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir.
Nigar Məhərrəm
Sfera.az