“İlham Əliyevin prezident olması Azərbaycan xalqı üçün böyük şansdır” — Komitə sədrindən AÇIQLAMA

“İlham Əliyevin prezident olması Azərbaycan xalqı üçün böyük şansdır” — Komitə sədrindən AÇIQLAMA
"Azərbaycan xalqının xoşbəxtliyi naminə hamımız "İlham Əliyevlə irəli” şüarını əsas tutub 11 apreldə ona səs verməliyik”.

Sfera.az bildirir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib. 

Z.Səmədzadə Azərbaycan seçicilərini prezident İlham Əliyevə səs verməyə çağırıb:

"Mən üzümü Azərbaycan seçicisinə tutub deyirəm ki, bu qədər inkişafı təmin edən qüvvə var. Bu inkişafın müəyyənləşdirici qüvvəsi ölkə başçısıdır, dövlət başçısının müəyyən etdiyi siyasətdir. Yenə də deyirəm, biz hamımız Azərbaycan xalqının gələcəyi, dövlətimizin bundan sonra da daha güclü olması, sabitlik və sakitlik naminə 11 apreldə seçkilərə gedib cənab prezidentə səs verək. Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb. Sosial sahənin inkişafına, əhalinin səhiyyə və təhsilinin inkişafına bu qədər diqqət ayrılmayıb. İlham Əliyev keçən prezident seçkilərində də demişdi:

 "Mən Heydər Əliyev siyasətinə sadiqəm, hər bir vətəndaşın prezidenti olmağa söz verirəm”.

 Mən hər bir seçicini seçkilərə dəvət edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bundan sonra da daha böyük uğurlara imza atacağıq”.
Akademik deyib ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı əsas hədəflərdə güclü sənaye siyasətinin yeridilməsi, emal müəssisələrinin sayının artırılmasıdır:

"Azərbaycanda 38 aqropark yaradılacaq. Bu aqroparkların yaradılması nə deməkdir? Orada yeni iş yerləri yaradılacaq, məhsul istehsalı artırılacaq, əkinçilik mədəniyyəti yüksələcək, ixrac potensialı artırılacaq. Hədəflərdən biri elmin, səhiyyənin, təhsilin inkişafıdır. Hər bir insan istəyir ki, səhiyyə göstəriciləri yaxşı olsun, uşaq ölümləri, xəstəliklərin sayı azalsın, əhaliyə verilən səhiyyə xidməti keyfiyyətli olsun, dispanserizasiya aparılsın. Hədəflərdən digəri də odur ki, ordumuz gücləndirilsin. Ordumuz hazırda regionda ən güclü ordudur. Çalışmaq lazımdır ki, yenə də güclənsin və lazım gələrsə, Azərbaycan torpaqlarını silah gücünə alsın. "Aprel döyüşləri” buna nümunə oldu. Yəni, hədəflər həddən artıq çoxdur, konkretdir. Bu konkret hədəflərin hər biri müvafiq strukturlar üçün fəaliyyət proqramıdır. Seçkilərdən sonra bu hədəflər daha da konkretləşəcək. Ən başlıcası odur ki, Azərbaycan yaxın vaxtlarda dünyanın inkişaf etməkdə olan ölkələri arasında qabağa gedəcək ki, sonra da biz ən inkişaf etmiş ölkələr sırasında olaq. Mən cənab prezidentə möhkəm cansağlığı arzu edirəm!”. 
Z.Səmədzadə qeyd edib ki, Azərbaycan regionun ən sabit və inkişaf edən dövlətidir:

"Qonşu ölkələrə baxaq, dünyanın ən varlı ölkələrindən biri Liviya,  dünyanın ən gözəl,yaraşıqlı və dinamik ölkələrindən biri Suriya, yaxud Misir, İraq... Nə qədər problemlər yarandı bu ölkələrdə. Amma Azərbaycan Respublikasının Prezidenti dünyaya bəyan etdi ki, islam həmrəyliyi konfransı keçiririk. 2017-ci il "İslam həmrəyliyi ili” olsun.  Bu, bütün islam ölkələrinə bir mesaj verdi ki, gəlin, bir olaq, biz inkişaf etməliyik, inkişafdan  geri qalmamalıyıq. Bu gün Azərbaycan dövlətinin son 15 ildə qazandığı uğurlar bütün sahələrdədir. 

Cənab prezident respublikanın regionlarını gəzir, rayonlarda olur. Rayonlarda olarkən müvafiq icra strukturları daha da məsuliyyət hiss edirlər ki, mən tapşırılan vəzifəni həyata keçirmək üçün bütün qüvvəmi səfərbər etməliyəm. Bu gün  Azərbaycan kəndində qaynar həyat var. Pambıqçılığın, taxılçılığın, heyvandarlığın inkişafı, baramaçılıq, çayçılıq - bütün bunlar Azərbaycanın sərvətləridir.  Bu əməksevər xalq seçilən xalqdır, onların yaratdığı əsərlər dünyaya yayılıb”. 

Akademik bildirib ki, Azərbaycanda da seçkilərə böyük maraq var:

"Prezident seçkiləri, dövlət başçısının seçimi həmişə gündəmdə olan məsələyə çevrilir, çünki xalq bilməlidir ki, taleyini kimə bağlayır. Xalq bilməlidir ki, ən ağır dəqiqələrdə onu qoruyan dövlət başçısı hansı tədbirlər görəcək. Bu baxımdan Azərbaycanda da seçkilərə böyük maraq var. Nəinki Azərbaycanda, dünyada da maraq var. Bizi istəyənlər dua edirlər ki, Allah bu dövləti qorusun, təbii ki, istəməyənlər də var. Ümumiyyətlə, dünyada Azərbaycana qarşı qısqanclıq həmişə olub. Azərbaycan dövləti inkişaf edir. Elə Azərbaycana haqsız iddialar irəli sürən Ermənistanla sosial-iqtisadi inkişafımızı müqayisə edək. Nə qədər ciddi fərqlər var. Bu da, əlbəttə ki, ölkəmizdə aparılan düşünülmüş iqtisadi siyasətin, ölkənin iqtisadi, milli və sosial təhlükəsizliyinin, müdafiə qabiliyyətinin artırılmasının nəticəsidir. Ona görə prezident seçkilərinə hamımız böyük maraqla yanaşırıq. Mən əminəm ki, Azərbaycan xalqı seçimini edib. Çünki Azərbaycan xalqının tarixində bu, böyük şansdır ki, İlham Əliyev Azərbaycan Respublikasının prezidentidir. Onun bir məqsədi var ki, Azərbaycan dünyada dinamik, keyfiyyətli, sürətlə inkişaf edən bir ölkəyə çevrilsin və çevrilib də. Mən əminəm ki, YAP-ın irəli sürdüyü namizəd bu seçkilərdə qalib gələcək. Azərbaycan Respublikasının Prezidentinə səs vermək bizim xalqımızın xoşbəxt gələcəyinə səs vermək deməkdir. 

Cənab prezidentimiz özü də qeyd edir ki, mən hər bir vətəndaşın prezidentiyəm. Ona görə mən tam əminəm ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin apardığı siyasət dünyanın tərəqqipərvər qüvvələri tərəfindən də müsbət qarşılanır. Xalqımız da bunu 11 aprel tarixində bir daha nümayiş etdirəcək. İlham Əliyev ən yüksək səslə xalqın etimadını qazanacaq və Azərbaycan Respublikasının növbəti dəfə prezidenti seçiləcək”.(ölkə.az)

OXŞAR XƏBƏRLƏR