"Ermənistan regiondan sürgün olunacaq" - Politoloqdan PROQNOZ
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, bu gün azərbaycanlıların işğal olunmuş ərazilərə geri qaytarılması məsələsi də gündəmdədir:
"Serj Sarkisyan Münhendə keçirilən görüşdə azərbaycanlı jurnalistin sualını cavablayarkən demişdi ki, azərbaycanlılar Dağlıq Qarabağ və ətraf ərazilərə qayıda bilər. Yəni, burada müəyyən şərt nəzərdə tutulur. Qondarma qurumunun rəhbəri Bako Saxakyan ABŞ-da xəbər saytlarının birinə verdiyi açıqlamada da belə demişdi. Bu çıxışlarda azərbaycanlıların qondarma Dağlıq Qarabağ Respublikasının yurisdiksiyasını qəbul etməsi nəzərdə tutulur. Lakin fikir versəz görərsiz ki, qondarma respublikanın de-fakto rəhbəri öncələr belə açıqlamalar verə bilmirdi. Deməli, onu bu cür danışmağa məcbur edən qüvvələr var.
Azərbaycanlılar 25 ildir ki, Dağlıq Qarabağdan deportasiya edilib. Bu müddətdə onlar Dağlıq Qarabağın statusunu müəyyən edə bilsələr, edərdilər. Beynəlxalq hüquq buna imkan verməyib. Prosesləri ləngitmək istəmədiklərinə görə qondarma respublikaya hüquqi status vermək üçün belə şərt qoyublar”.
M.Əhmədoğlunun sözlərinə görə, azərbaycanlılar ora qayıtdıqdan sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində mühim rol oynayacaqlar:
"Çünki Dağlıq Qarabağdakı prosesin tənzimlənməsi üçün Helsinki yekun aktında 3 prinsip nəzərdə tutulub. Güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri rəhbər tutulmalıdır”.
M.Əhmədoğlu yaxın müddətdə mühüm hadisələrin baş verəcəyini proqnozlaşdırır:
"Mühüm hadisələrin baş verəcəyini gözləyirəm. Ölkə başçısı 6-cı Qlobal Bakı forumunda fikir bildirdi ki, Dağlıq Qarabağ problemi BMT-nin qətnaməsi və Helsinki yekun aktına müvafiq olaraq tənzimlənməlidir".
Nigar Məhərrəm
Sfera.az






