Əhalinin 80.5 faizi qarşıdan gələn seçkilərdə iştirak edəcək
Sfera.az bildirir ki, sorğuya Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla respublikanın digər şəhər və rayonlarında yaşayan və yaşı 18-dən yuxarı olan 1200 nəfər respondent cəlb olunub.
Sorğuda iştirak edəcək respondentlərin müəyyənləşdirilməsi cinslər, yaş qrupları və yaşayış məntəqələrinin tipləri (şəhər və kənd) üzrə kvotalar tətbiq edilməklə çox mərhələli təsadüfü seçmə metodologiyası əsasında aparılıb. Sahə işləri bu tip tədqiqatlarda geniş təcrübi bilik və bacarıqlara malik tədqiqat qrupu tərəfindən strukturlaşdırılmış sorğu anketindən istifadə edilməklə üz-üzə (face-to-face) müsahibə formasında həyata keçirilib.
Sorğuda iştirak edən respondentlərin 48.1 faizini kişilər, 51.9 faizini qadınlar təşkil edib. Respondentlərin 15.6 faizi 18-24 yaş, 24.5 faizi 25-34 yaş, 33 faizi 35-49 yaş, 18.5 faizi 50-64 yaş və 8.4 faizi isə 65 və daha yaşlı qruplara aid olub.
Respublikadakı mövcud iqtisadi vəziyyətin qiymətləndirilməsi məqsədi daşıyan suala respondentlərin 45.9 faizi vəziyyətin əvvəlki illərə nisbətən daha da yaxşılaşdığı, 23.4 faizi dəyişilməz qaldığı və 11.7 faizi isə vəziyyətin pisə doğru dəyişdiyi qənaətində olduqlarını bildiriblər.
Bir sıra ictimai, siyasi və iqtisadi məsələlərlə bağlı mövcud vəziyyətin nə dərəcədə qənaətbəxş olduğunu öyrənmək üçün respondentlərə verilmiş suala rəyi soruşulanların 67.6 faizi milli təhlükəsizlik, 66.1 faizi iş imkanlarının mövcudluğu və 60.4 faizi isə cinayətkarlıqla mübarizənin onları qane etdiyini vurğulayıblar. Təhsil və korrupsiya ilə bağlı vəziyyət respondentləri narahat edən məsələlər içində daha tez-tez səsləndiriblər (müvafiq olaraq, 29.1 faiz və 27.2 faiz).
Bununla yanaşı, ölkədə mövcud olan ən vacib problemlərin prioritetləşdirilməsi ilə bağlı suala verilmiş cavablardan aydın olur ki, respondentlərin 78.2 faizini Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistana məxsus silahlı birliklər tərəfindən işğalı, 22.5 faizini iqtisadiyyatın vəziyyəti, 21.9 faizini isə ətraf mühitin korlanması daha çox narahat edir.
Sorğu zamanı müəyyən edilmişdir ki, respondentlərin 68.9 faizi Azərbaycanda mövcud siyasi sistemin fəaliyyətindən razı, 15.4 faizi isə narazı olduğunu göstərib. Rəyi soruşulanların 15.7 faizi sualı cavablandırmaqda çətinlik çəkdiklərini bildiriblər.
"Prezident İlham Əliyevin ölkə başçısı kimi vəzifəsinin icrası sizi nə dərəcədə qane edir” sualına rəyi soruşulan respondentlərin 81.4 faizi bu məsələnin onları qane etdiyini, 11.2 faizi isə qane etmədiyini göstəriblər. Respondentlərin 7.4 faizi bu sual ilə bağlı hər hansı münasibət bildirməkdə çətinlik çəkdiklərini bildiriblər.
Sorğunun nəticələri onu söyləməyə imkan verir ki, əhali arasında prezident seçkiləri ilə bağlı aparılan kampaniyaya maraq kifayət qədər böyükdür. Belə ki, respondentlərin 78.2 faizi bu kampaniya ilə bağlı maraqlı olduğunu qeyd edib. Sorğuda iştirak edənlərin 15.2 faizi seçki kampaniyası ilə ümumiyyətlə maraqlanmadığını göstərmiş, 6.6 faizi isə sualı cavablandırmaqdan imtina edib.
Seçkilərdə iştirak edib-etməyəcəkləri ilə bağlı sualı cavablandıran respondentlərin 80.5 faizi qarşıdan gələn seçkilərdə iştirak edəcəyini, 12.7 faizi istə iştirak etməyəcəyini bildirib. Respondentlərin 6.8 faizi seçkidə iştirakları ilə bağlı hələ yekun qərar qəbul etmədiklərini göstərib.
"Aprelin 11-də keçiriləcək prezident seçkiləri bu gün keçirilsəydi, hansı namizədə səs verərdiniz?” sualına sorğuda iştirak edən respondentlərin 83.4 faizi İlham Əliyevi seçiblər. Rəyi soruşulanların 12.0 faizi seçki kampaniyasında iştirak edən digər 7 nəfərə səs vermək niyyətini bildirib. Respondentlərin 1.9 faizi namizədlərdən heç birinə səs vermək istəmədiyini, 2.7 faizi isə bununla bağlı hazırda hər hansı bir fikri olmadığını göstərib.






