Daha bir deputatdan ÇAĞIRIŞ: “Xaricdən Azərbaycana təhqir yağdıranların “Youtube” səhifələri bağlanılsın!”
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "Qasid" firmasının prezidenti Mirkazım Kazımov Azərbaycanda bir sıra şəxslərin "Youtube” internet səhifələrinin bağlanılmasını təklif edib.
Sfera.az bildirir ki, deputat "ölkə.az”a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə insan şəxsiyyətinin alçaldılmasına və təhqirlərə yol verilməməlidir:
"İlk növbədə bu məsələlərə saytlar və sosial şəbəkələr özü nəzarət etməlidir, tənzimləməlidir. Daha gədə-güdənin əlinə imkanlar verilməməlidir ki, insanları təhqir etsinlər. Bəzən "Youtube”a baxanda görürsən ki, Qənimət Zahid, Vidadi İsgəndərli və digər 4-5 nəfər təhqirlərə yol verirlər. Lazım gəlsə, bu adamlara cinayət işi də açılmalıdır, beynəlxalq hüquq normalarına əsasən tələblər qoyulmalıdır. Onların "Youtube” səhifələrini dondurmaq da olar. Çünki onların bizə ziyanından başqa faydası yoxdur. Onlar cəmiyyətimizdə çaşqınlıq yaradırlar. Gedib Almaniya və digər Avropa ölkələrində oturub tərbiyəsizliklərlə məşğul olurlar.
Tərəfdarıyam ki, həmin adamların "Youtube” səhifələri bağlanılsın. Eybi yox, müxalifət bunu pisləsin. Onsuz da müxalifətin işi, peşəsi bizə böhtan atmaqdır”.






