Logo

Araz Əlizadə müxalifəti təhqir etdi – “Sizdə kişilik yoxdur”

Araz Əlizadə müxalifəti təhqir etdi – “Sizdə kişilik yoxdur”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ənənəvi müxalifət aprel ayının 11-də keçiriləcək prezident seçkilərinə iştirak etməyəcək. Milli Şura və Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd” təşkilatından sonra Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) də boykot qərarı verdi. Halbuki seçimlərində dəyişiklik edən siyasi partiyalar hələ keçən ilin son aylarında seçkilərdə öz namizədləri ilə iştirak edəcəklərini açıqlamışdılar. Müsavat sabiq başqan İsa Qəmbər, KXCP öz sədri Mirmahmud Mirəlioğlunun namizədliyi ilə seçkiləri qatılmağı planlaşdırırdısa, Milli Şura və "Yurd” namizədin kimliyi məsələsini müzakirə edirdi.

Keçən ilin ilk aylarından Azərbaycana qayıdacağını elan edərək seçkilərə qatılacağını bildirən ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevdən də səs çıxmır. Halbuki R.Quliyevin iddiası, bu düşərgənin digər təmsilçilərindən daha böyük idi. Seçkilərdə müxalifətin vahid namizədi olmağa iddialı olan eks-spiker bunun üçün böyük pullar xərcləməyi də düşünürdü. Lakin seçkilərin vaxtının gözlənilmədən dəyişdirilməsi, Rəsul Quliyev və bir müddət Bakıda fəallaşan bir qrup tərəfdarını susdurdu.

"Feysbuk fenomeni”

Boykota getdikdən sonra ənənəvi müxalifətin mübarizə üçün hansı taktikanı seçəcəyi də müzakirə mövzusudur. Bu məsələdə Əli Kərimli və Milli Şuranın seçimi silsilə mitinqlər olsa da KXCP, Müsavat və Rəsul Quliyevin Bakıdakı tərəfdarlarının istiqaməti hələlik bəlli deyil.

Ənənəvi müxalifətin boykot qərarına gəlincə, bu düşərgənin təmsilçiləri bununla prosesə təsir edəcəklərini düşünürlər. Lakin gözlənilən baş verməyə bilər. Məsələn, 2015-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hüquqi təmsilçiliyi ətrafında başlayan gərgin mübarizəyə görə öz elektoratının böyük hissəsini itirən Əli Kərimli digər yandan, Avropa İttifaqı və ABŞ-ın siyasi institutlarının dəstəyini də itirib. Ayrı-ayrı vaxtlarda "Məhsul” stadionunda keçirdiyi mitinqləri 2-3 min nəfərlə yola verən "Yurd” sədrinin son illərdəki fəaliyyəti sosial şəbəkələrlə məhdudlaşır.

Müsavatda "yarpaq tökümü”

Müsavata gəlincə, 2015-ci ildə keçirilmiş qurultay partiyanı parçaladı. Müsavatdan ayrılan Qubad İbadoğlu və Tural Abbaslı öz təşkilatlarını quraraq, partiya elektoranın böyük hissəsini öz tərəflərinə çəkdilər. Lakin Müsavatın problemi bununla da bitmir. Daxildə başqan Arif Hacılıdan narazı olanların sayı kifayət qədərdir. A.Hacılının keçən qurultayda nəticələrin saxtalaşdırılması ilə bu posta təyin edildiyini iddia edən bir qrup müxalifətçi artıq partiyadan gedəcəyinin də anonsunu verib.

Ən zəif bənd

KXCP isə ənənəvi müxalifətin ən zəif bəndidir. Heç bir fəaliyyəti ilə diqqət çəkməyən Mirmahmud Mirəlioğlunun partiyası öz fəaliyətini ölkə miqyasında gedən ictimai-siyasi proseslərə nəzəri bəyanatlar verməklə dar çərçivəyə salıb.

Üstəgəl, boykot qərarı verən siyasi təşkilatlar arasında fikir ayrılıqları və soyuq münasibətlərin də olduğunu nəzərə alsaq, seçkiləri boykot istiqamətindəki fəaliyyətlərində birləşəcəkləri inandırıcı gəlmir. Müsavat və Əli Kərimli arasındakı gərgin münasibətlərin Milli Şura üzvlüyünə görə başqan müavini Tofiq Yaqublunun istefaya göndərilməsindən sonra pik həddə çatdığını nəzərə alsaq, ənənəvi düşərgənin iki ən böyük təşkilatının birlikdə olacağı ehtimalı olduqca aşağıdır. Milli Şura sədri Cəmil Həsənli son açıqlamasında ən yaxşı halda, keçirəcəkləri mitinqlərdə iştirak etmək istəyən siyasi təşkilatların sədrlərinə tribunada çıxış etmək imkanı yaradacaqlarını deməklə, boykotçu təşkilatlar arasındakı gərginliyin hansı ölçüdə olmasını növbəti dəfə nümayiş etdirdi.

Başqa sözlə, öz fəaliyyətinin ən pis dönəmindən keçən ənənəvi müxalifətin boykot qərarının prosesin gedişatına təsir edəcəyi gözləntisi ehtimal səviyyəsindən belə aşağıdır.

"Əliyalın insanları aldadıb tankların qabağına çıxardılar”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə ənənəvi müxalifətin boykot qərarını Sfera.az-a şərh edib. Sayta açıqlamasında millət vəkili bildirib ki, boykot qərarı seçki prosesinə təsir etməyəcək:

"Heç bir təsiri olmayacaq. Deyir, ayı meşədən küsüb, heç kəsin xəbəri yoxdur. Görmürsünüz? 90 partiya bir yerə yığılıb mitinq keçirir, 2 min nəfər gəlir. Bu insanlar həmişə xalqı satıblar, meydana çıxardıqları insanları aldadıblar. Meydan Hərəkatını yadınıza salın. İnsanları meydana çıxarıb, özləri əkildilər. Buna görə də Azərbaycanda ilk dəfə xüsusi vəziyyət elan olundu. 1990-cı ildə əliyalın adamları tankların qabağına çıxardılar ki, heç nə olmayacaq. 1992-ci ilin hakimiyyət çevrilişini yadınıza salın. Hakimiyyətə gəlib xalqı vətəndaş müharibəsi qarşısında qoydular, sonra da getdilər. 2003-cü ilin prezident seçkilərində də belə oldu. İnsanları meydana çıxarıb qaçdılar. İsa Qəmbər qorxusundan qaçıb gizlənmişdi. Buna görə də insanlar onlara inanmırlar. İnsanları aldatmaq lazım deyil. Heç olmasa hər dəfə səhv etdikdən sonra özünüzdə kişilik tapıb üzr istəmək lazımdır. Amma onlarda bu kişilik də yoxdur. Hər dəfə də düz etdiklərini deyirlər”.

Mənsur Rəğbətoğlu

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR