Logo

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib.

Sfera.az xəbər verir ki, bəyanatda tərəflər 1992-ci ildə diplomatik münasibətlərin təsis edilməsindən etibarən Azərbaycanın və Vyetnamın hər iki dövlətin rifahı naminə qarşılıqlı etimad, bərabərlik və qarşılıqlı hörmət əsasında güclü, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurduqlarını qeyd etdilər. Onlar qarşılıqlı etimadın, suverenliyin, ərazi bütövlüyünün, daxili işlərə qarışmamanın və beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ciddi riayət etmənin ikitərəfli əlaqələrin möhkəm təməli olduğunu vurğuladılar.

Dövlət başçıları 2025-ci ilin 7 may tarixində qəbul edilmiş Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatda əks olunan prinsiplərə sadiq olduqlarını bir daha təsdiqlədilər.

Sənəddə tərəflər Azərbaycan Respublikası Prezidentinin rəsmi səfərinin Azərbaycan və Vyetnam arasında ənənəvi dostluğun daha da möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, əməkdaşlığın aşağıdakı prioritet istiqamətləri barədə razılığa gəldilər:

Siyasi və diplomatik münasibətlər:

Ali səviyyəli səfərlər də daxil olmaqla, qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsi, bütün səviyyələrdə mübadilə və əlaqələrin gücləndirilməsi, həmçinin hər iki dövlətin müvafiq orqanları arasında yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarının araşdırılması,

Strateji tərəfdaşlığın müddəalarının həyata keçirilməsində hər iki qanunverici orqanın rolunun artırılması üçün parlament əməkdaşlığının genişləndirilməsi, eyni zamanda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişaf etdirilməsi.

İqtisadi, ticarət, enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində əməkdaşlıq:

Prioritet sektorlarda, xüsusilə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın təşviqi, ikitərəfli iqtisadi mexanizmlərin səmərəliliyinin artırılması,

Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsulları üçün bazara çıxışın asanlaşdırılması, kənd təsərrüfatında qabaqcıl texnologiyalar və tətbiqlərin dəstəklənməsi,

İqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və yaşıl inkişaf üzrə birgə proqramların həyata keçirilməsi,

Mədənçıxarma və alüminium sənayeləri sahələrində əməkdaşlığın genişləndirilməsi,

Neft və qaz sahəsində əlaqələrin gücləndirilməsi, eləcə də enerji məhsullarının təchizatında əməkdaşlığın genişləndirilməsi, xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı üçün uzunmüddətli razılaşmaların əldə edilməsi,

Nəqliyyat (dəmiryolu, quru yol, hava və dəniz) bağlantıları sahəsində təcrübə mübadiləsinin aparılması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməklə əməkdaşlığın fəal təşviqi.

Müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq:

Müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, hüquq-mühafizə orqanları arasında məlumat və təcrübə mübadiləsinin artırılması, mütəşəkkil və transmilli cinayətkarlığın, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alverinin, kibercinayətkarlığın və qarşılıqlı narahatlıq doğuran digər təhlükəsizlik təhdidlərinin və çağırışlarının qarşısının alınması və onlarla mübarizədə əlaqələndirmənin gücləndirilməsi.

Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq:

Turizm axınlarının, ticarət dövriyyəsinin və insanlararası mübadilənin artırılması məqsədilə Azərbaycan və Vyetnam arasında birbaşa uçuşların təşkilinin təşviqi,

İncəsənət və turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni və tarixi mübadilələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, o cümlədən hər iki dövlətin əyalət və şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulmasının təşviqi,

Təhsil sahəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi, qarşılıqlı tələbə təqaüdlərinin verilməsi, həmçinin birgə tədqiqat layihələrinin icrası və tələbələr və tədqiqatçılar üçün davamlı mübadilə mexanizmlərinin yaradılması.

Çoxtərəfli əməkdaşlıq:

Beynəlxalq və regional təşkilatlar, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əlaqələndirmənin genişləndirilməsi və qarşılıqlı dəstəyin təmin edilməsi, həmçinin Azərbaycan ilə ASEAN və onun üzv dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR