Logo

Putin ABŞ nümayəndələrinə Zelenskiyə çatdırılacaq mesaj verdi – Ərazi məsələsində razılıq yoxdur

Putin ABŞ nümayəndələrinə Zelenskiyə çatdırılacaq mesaj verdi – Ərazi məsələsində razılıq yoxdur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib.

Görüşdə əsas mübahisə mövzularından biri ərazi məsələsi və münaqişənin başa çatdırılması üçün mümkün şərtlər olub.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya və beynəlxalq media məlumat yayıb.

Kremlində keçirilən görüşdə Rusiya prezidentinin köməkçiləri Yuri Uşakov və Vladimir Medinski, eləcə də Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev də iştirak ediblər.

Tərəflər noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən danışıqların nəticələrini, humanitar məsələləri və münaqişənin nizamlanması perspektivlərini müzakirə ediblər.

Putin humanitar istiqamətdə müəyyən irəliləyişin olduğunu bildirib və Moskva ilə Kiyev arasında təmaslara yardımına görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü çatdırmağı xahiş edib. O, həmçinin ABŞ-nin birinci xanımı Melaniya Trampa Aleşki şəhəri ilə bağlı humanitar məsələnin həllində iştirakına görə minnətdarlığını ifadə edib.

Rusiya lideri Ukraynada uzunmüddətli sülhün təmin edilməsini istədiyini bildirib. O, Aleşkidə həyata keçirilən humanitar əməliyyata bənzər missiyanın Konstantinovkada da təşkil olunmasını təklif edib. Putinin sözlərinə görə, şəhərdə təxminən 400-500 mülki sakin qalır. Rusiya belə bir missiyanın təhlükəsizliyini təmin etməyə hazır olduğunu, ərazinin minalardan təmizlənməsi üçün isə beş günə ehtiyac duyulduğunu bəyan edib.

Ərazi məsələsi əsas fikir ayrılığı olaraq qalır

Görüş zamanı Putin Ukraynada xarici hərbi kontingentlərin yerləşdirilməsinə qarşı olduğunu bir daha bəyan edib. Onun sözlərinə görə, belə qüvvələr Rusiya hərbçiləri üçün qanuni hədəfə çevrilə bilər. Ərazi məsələsinə toxunan Rusiya Prezidenti Moskva ilə Kiyevin bu mövzuda fərqli mövqelərə malik olduğunu bildirib. O, ABŞ nümayəndələrindən öz mövqeyini Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdırmağı xahiş edib.

Putin xüsusilə müzakirə olunan “boz zonalar” məsələsinin tərəflər arasında fikir ayrılığının əsas səbəblərindən biri olaraq qalacağını deyib. Onun fikrincə, belə ərazilərin statusu ilə bağlı razılığa gəlmək çətin olacaq. Rusiya lideri Moskva üçün sərhəd məsələsində yeganə aydın variantın dövlət sərhədi olduğunu bildirib. O, aralıq həll yollarının gələcəkdə yeni mübahisələrə səbəb ola biləcəyini iddia edib.

Putin Avropa ölkələrinin də Ukrayna münaqişəsi ilə bağlı mövqelərini müəyyənləşdirməsinin vacibliyini vurğulayıb. O, ABŞ nümayəndələrindən avropalı tərəfdaşlarla bu məsələdə dialoqa yardım etmələrini istəyib.

Uitkoff Putinin mesajını Zelenskiyə çatdıracaq

ABŞ nümayəndələri Əbu-Dabi danışıqlarının nəticələri və Avropa ölkələrinin gələcək prosesə cəlb olunması imkanları barədə də danışıblar.

Stiv Uitkoff bildirib ki, Avropa ölkələri üçtərəfli məsləhətləşmələrdə birbaşa iştirak etməsələr də, danışıqların nəticələri barədə məlumatlandırılıblar. O, Putinlə görüşün nəticələri və Rusiya liderinin mövqeyi barədə Zelenskiyə məlumat verəcəyini təsdiqləyib.

Cared Kuşner isə ABŞ-nin Avropa ölkələrinin də danışıqlara qoşulmasında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton Avropa qitəsində təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr aparır.

Xatırladaq ki, Əbu-Dabidə keçirilən danışıqlarda tərəflər mövqelərini müzakirə edib və əsirlərin genişmiqyaslı mübadiləsi ilə bağlı razılıq əldə olunub. Bununla belə, ərazi məsələsi və münaqişədən sonrakı təhlükəsizlik təminatları ilə bağlı fikir ayrılıqları qalmaqdadır.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR