"Ərdoğan onu vəzifədən atmaqla Azərbaycanın yanında olduğunu göstərdi" - AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən azad edildiyi bildirilir.
Bu barədə jurnalist Fuat Uğur məlumat yayıb. Jurnalist Talat Atilla isə Oktay Saralla telefon danışığının səs yazısını paylaşaraq onun prezidentin göstərişi ilə vəzifəsindən ayrıldığını dediyini bildirib.
Qeyd edək ki, Oktay Saral bir müddət əvvəl Azərbaycana qarşı səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib. Həmçinin, Oktay Saral 10 il (2016-2026) Türkiyə Respublikası Prezidentinin Baş Müşaviri vəzifəsində çalışıb.
Bəs Rəcəb Tayyib Ərdoğan bu addımı atmaqla Türkiyə ictimaiyyətinə hansı mesajı vermiş oldu?
Bu barədə sabiq diplomat, Qərbi-Kaspi Universitetinin professoru Fikrət Sadıxov Sfera.az-a açıqlama verib. O, Oktay Sralın vəzifəsindən azad edilməsinin hansı siyasi mesaj olduğunu açıqlayıb:

“Türkiyə Prezidenti həmin şəxsi vəzifəsindən uzaqlaşdırmaqla sübut etdi ki, o, Azərbaycanın yanındadır. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri necə olubsa, elə də qalır və əbədidir. Bu addım həm də özbaşına davranan rəsmilərə bir mesajdır ki, həddlərini aşmasınlar və özlərinə yaraşmayan addımlar atmasınlar. Ola bilsin ki, bloqerlər, müstəqil analitiklər və ya hətta deputatlar bu cür fikirlər səsləndirsinlər, narazılıqlarını ifadə etsinlər. Lakin rəsmi dairələrin nümayəndəsi, xüsusilə də prezidentə yaxın olan müşavir belə addım atmamalı idi”.
F.Sadıxov hər bir rəsmi şəxsin özbaşına davranışının belə sonlanacağını vurğulayıb:
“Düşünürəm ki, Türkiyə Prezidenti bu qərarı ilə digər rəsmilərə də mesaj verdi: əvvəlcə fikirləşmək və təhlil etmək, sonra isə hər hansı bəyanatla çıxış etmək lazımdır. Çünki hər bir rəsmi şəxsin özbaşına davranışının nəticəsi belə ola bilər. Həmin şəxs uzun illər prezidentin yanında olub, müxtəlif vəzifələr tutub və əsas müşavirlərdən biri kimi fəaliyyət göstərib. Bir sözlə, “Bir millət, iki dövlət” şüarı bu gün də öz qüvvəsindədir. Düşünürəm ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri bundan sonra da əbədi olaraq davam edəcək”.
Bəsti Rəfizadə






