Ukrayna sonda uduzacaq? - AÇIQLAMA
İtaliyanın müdafiə naziri Quido Krozetto Ukraynanın Rusiya ilə müharibədə qələbə qazanmasının mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, Ukraynanın qələbəsi Rusiyanın hərbi yolla tam məğlub edilməsi və Ukrayna bayrağının Moskvada dalğalanması kimi başa düşülməməlidir. Krozetto hesab edir ki, əsas məqsəd Rusiyanın hücumlarını dayandırması, qoşunlarını çıxarması və Ukraynanın müstəqil dövlət kimi gələcəyini sərbəst müəyyənləşdirmək imkanını qorumasıdır.
Bəs Ukraynanın bu müharibədə qalib gələ bilməyəcəyi fikri nə dərəcədə realdır? Müharibənin hazırkı gedişi hansı nəticələrdən xəbər verir?
Politoloq Əli Mustafa bu barədə Sfera.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynadan hərbi baxımdan qat-qat güclü olmasına baxmayaraq, Kiyev beynəlxalq dəstək sayəsində müqavimət göstərməkdə davam edir:

“Hazırda Ukrayna Rusiya ilə müharibə aparır və ərazi bütövlüyünü qorumağa çalışır. Əlbəttə, Rusiya Ukraynadan qat-qat güclü dövlətdir. Bununla belə, bu gün Ukraynanın arxasında dünyanın əhəmiyyətli bir hissəsi dayanır. Avropa ölkələri, NATO və digər dövlətlər Ukraynanı hərbi, siyasi və maliyyə baxımından dəstəkləyirlər. Məhz bu dəstək Ukraynanın Rusiyaya qarşı müqavimət göstərməsinə imkan verir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da ölkənin zəifləməsinə təsir edir. Bütün bunlara baxmayaraq, Rusiya hələ də Ukraynanı, ən azı onun müəyyən ərazilərini işğal etməkdə israrlıdır. Müharibənin uzanması isə həm Ukraynanın, həm də Rusiyanın resurslarını tükəndirir. Son vaxtlar Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi Rusiyanı müəyyən mənada bu çətin vəziyyətdən çıxarıb. Belə ki, ABŞ bir sıra məsələlərdə Ukraynanı dəstəkləməkdə tərəddüd edir. Bəzən bu dəstək ardıcıl xarakter daşımır, bəzən isə nəzərdə tutulan razılaşmalar reallaşmır”.
Əli Mustafanın sözlərinə görə, ABŞ-nin Ukraynaya münasibətdə mövqeyi və Rusiya ilə əlaqələri müharibənin gedişinə təsir edən amillərdəndir və Vaşinqtonun Kiyevə dəstəyindəki qeyri-müəyyənlik Ukrayna üçün müəyyən çətinliklər yaradır:
“Təbii ki, Tramp bu mövqeyini öz mülahizələri ilə əsaslandırmağa çalışır. Lakin Ukrayna tərəfi hesab edir ki, bu vəziyyət ABŞ administrasiyasının Rusiya ilə əməkdaşlığı ilə bağlıdır. ABŞ ilə Rusiya arasında açıq və ya gizli əməkdaşlıq Ukrayna üçün müəyyən problemlər yaradır. Xüsusilə son vaxtlar Patriot raketlərinin tədarükü, Starlink internet xidmətindən istifadəyə məhdudiyyətlərin tətbiqi, eləcə də kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı məsələlər Ukraynanın ABŞ-dən narazılığını açıq şəkildə ifadə etməsinə səbəb olub. Digər tərəfdən, noyabrın 3-də ABŞ-də keçiriləcək seçkilərdən sonra ölkə daxilində siyasi qüvvələr balansı dəyişə bilər.
Bundan sonra ABŞ-nin yenidən Ukraynanı dəstəkləmək kursuna qayıtması da mümkündür. Hər halda, bu məsələyə seçkilərin nəticələrindən sonra aydınlıq gələcək. Bütün hallarda, hazırda Ukrayna müdafiə olunur, Rusiya isə hücumlarını istədiyi miqyasda və effektivliklə həyata keçirə bilmir. Beləliklə, müəyyən status-kvo yaranıb. Düzdür, müharibə asimmetrik xarakter daşıyır. Hər iki tərəf dronlar və raketlər vasitəsilə bir-birinə zərər vurur. Cəbhə xəttində ciddi irəliləyiş olmadığı üçün tərəflər əsasən raket zərbələri ilə bir-birinin iqtisadi infrastrukturunu və ölkə ərazisinin dərinliklərində yerləşən obyektləri hədəf alırlar. Bu vəziyyətin hələ xeyli müddət davam edəcəyi istisna olunmur. Dediyim kimi, burada əsas amillərdən biri tərəflərin resurslarının tükənməsi, digəri isə Ukraynaya göstəriləcək beynəlxalq dəstəyin miqyasıdır. Əgər bu dəstək kifayət qədər geniş və güclü olarsa, Ukrayna itirdiyi əraziləri azad edə bilər”.
Bəsti Rəfizadə






