ABŞ qurudan İrana hücum edəcək? - AÇIQLAMA

ABŞ qurudan İrana hücum edəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ dövlət katibi Marko Rubio İranı “Yaxın Şərqdə qeyri-sabitliyin və müharibələrin bir nömrəli səbəbi” və “sülhün qarşısındakı ən böyük maneə” adlandırıb.

Bu barədə o, “Breitbart”a müsahibəsində danışıb. Dövlət katibi bildirib ki, İran olmasaydı, Fələstin məsələsinin həlli daha asan olardı.

Rubionun sözlərinə görə, ABŞ İranın hərbi potensialının böyük hissəsini, o cümlədən hərbi dəniz və hava qüvvələrini, raket və dron istehsal edən zavodları məhv edib. O əlavə edib ki, hazırda İranın geniş əraziləri gələcək hücumlar qarşısında müdafiəsiz vəziyyətdədir.

ABŞ dövlət katibi vurğulayıb ki, İran Hörmüz boğazına nəzarəti itirib və son 10 gün ərzində bu boğazdan gündəlik orta hesabla 13-14 milyon barel neft daşınıb.

Əgər dövlət katibinin dediyi vəziyyət doğrudursa, yəni İranın əraziləri müdafiəsiz vəziyyətdədirsə, ABŞ növbəti hərbi əməliyyatları qurudan həyata keçirə bilərmi?

Bu barədə politoloq Oqtay Qasımov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, fevralın 28-də başlayan müharibə zamanı İranın hava hücumundan müdafiə sistemləri, hərbi dəniz donanması və strateji obyektləri ağır zərbələrə məruz qalıb. İrana vurulan zərərin təxminən 270 milyard dollar olduğu qiymətləndirilir:

ABŞ qurudan İrana hücum edəcək? - AÇIQLAMA

“Bütün bunlara baxmayaraq, İranın hərbi gücünün və potensialının tamamilə sıradan çıxarıldığını iddia etmək mümkün deyil. ABŞ rəsmiləri, o cümlədən Donald Tramp və onun administrasiyasının üzvləri zaman-zaman bu cür fikirlər səsləndirsələr də, İranın müdafiə qabiliyyətinə ciddi zərər dəyməsinə baxmayaraq, onun nüvə proqramının tamamilə sıradan çıxarıldığını demək olmaz. İranın raket və dron potensialı da böyük ölçüdə qorunub saxlanılıb. Müharibədən sonrakı dövr göstərdi ki, İran rejimi hələ də ayaqda qalmaq və ABŞ-nin hücumlarına müqavimət göstərmək iqtidarındadır”.

Oqtay Qasımov İranın hərbi potensialını bərpa etmək üçün uzun müddətə ehtiyac duyacağını, lakin bunun ABŞ-nin quru əməliyyatlarına başlayacağı anlamına gəlmədiyini vurğulayıb:

“İran vurulmuş yaralarını sağaltmaq üçün xeyli iş görməlidir. Bu isə uzun zaman aparacaq. Lakin bütün bunlar ABŞ-nin İranda quru əməliyyatları keçirməyi düşündüyünü deməyə əsas vermir. Mən bu ehtimalı istisna edirəm. Çünki İranın coğrafiyası və relyefi orada quru hərbi əməliyyatlarının aparılmasını olduqca mürəkkəb və riskli edir. Belə əməliyyatlar böyük itkilərlə nəticələnə bilər. Buna görə də ABŞ-nin bu addımı atacağını düşünmürəm. Bu, avantüra olardı. Bununla belə, ABŞ-də və İranda keçiriləcək seçkilərdən sonrakı dövrdə hərbi eskalasiyanın baş verməsi ehtimalı kifayət qədər yüksəkdir. Bunu həm Benyamin Netanyahunun, həm də Donald Trampın açıqlamalarından aydın şəkildə görmək mümkündür. Lakin quru əməliyyatlarının keçirilməsini istisna edirəm. Bir daha qeyd edirəm ki, bu, olduqca riskli, böyük itkilərə səbəb ola biləcək avantürist bir addım olardı”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR