Seçkilərə az qalıb: Trampı nə gözləyir?

Seçkilərə az qalıb: Trampı nə gözləyir?
Kateqoriya məlum deyil
T

Bu ilin noyabrında ABŞ-də Konqresə aralıq seçkiləri keçiriləcək. Seçkilər ölkənin siyasi həyatında mühüm hadisələrdən biri hesab olunur.

Səsvermənin nəticələri Konqresdə qüvvələr nisbətinin dəyişməsinə, prezident Donald Trampın administrasiyasının qanunvericilik təşəbbüslərinə və daxili siyasətdə atacağı addımlara təsir göstərə bilər.

Eyni zamanda, seçkilər ABŞ-nin xarici siyasət kursu, o cümlədən İranla münasibətləri və beynəlxalq proseslərə yanaşması baxımından da diqqət mərkəzindədir. Seçkiqabağı dövrdə ölkədəki siyasi vəziyyət, ictimai rəy və tərəflərin mövqeləri müzakirə olunur.


Bu seçkidə hansı partiyanın daha çox yer qazanacağı gözlənilir? Nəticələr ABŞ administrasiyasının siyasətinə təsir edə bilərmi?


Bu barədə Sfera.az-a açıqlama verən politoloq Cavanşir Abbaslı Donald Trampın təmsil etdiyi Respublikaçılar Partiyasının bu seçkilərdə uduzması ehtimalı yüksək olduğunu açqlayıb:


“Səs faizində böyük fərq gözlənilməsə də, ümumi nəticələrə əsasən respublikaçıların məğlub ola biləcəyi düşünülür. Lakin qeyd etdiyim kimi, seçki prosesi elə bir prosesdir ki, hər gün vəziyyət dəyişə bilər. Buna görə də qarşıdakı yarım ay ərzində baş verəcək hadisələr barədə indidən qəti fikir söyləmək mümkün deyil. Çox şey Trampın atacağı addımlardan asılıdır. Təbii ki, İran cəbhəsində əldə oluna biləcək hər hansı uğur seçkilərin nəticələrinə ciddi təsir göstərə bilər. Eyni zamanda, Tramp administrasiyasının ölkə daxilində atacağı addımlar da seçicilərin mövqeyini dəyişə bilər”.


Ekspert istənilən halda Trampı ağır seçki prosesi gözlədiyini vurğulayıb:


“Artıq demokratların bu seçkilərdə 50 faizdən çox səs toplayacağı ilə bağlı ehtimallar və proqnozlar mövcuddur. Bununla yanaşı, ABŞ-də keçirilən bəzi sorğular göstərir ki, respondentlərin 50 faizdən çoxu Trampın İranla bağlı qərarlarını, eləcə də bu ölkəyə qarşı müharibə elan etməsini və Tehranla münasibətləri bu qədər gərginləşdirməsini dəstəkləmir. Təbii ki, bu qərarların əleyhinə olan seçicilərin mövqeyi səsvermə zamanı nəticələrə birbaşa təsir göstərə biləcək əsas amillərdən biridir. Düşünmürəm ki, Tramp bu məqamdan xəbərsizdir.

Ehtimal etmək olar ki, noyabrın 3-dək onun tərəfindən seçkilərin nəticələrinə təsir göstərə biləcək hansısa ciddi addımlar atılsın. Əvvəldə də qeyd etdiyim kimi, səs faizləri arasında böyük fərq gözlənilmir. Bununla belə, hazırkı vəziyyətdən çıxış edərək demokratların cüzi fərqlə qalib gələcəyini ehtimal etmək olar. Ancaq tələsməyək və seçki gününü gözləyək. Sualınıza konkret cavab olaraq bildirim ki, oktyabrın 19-na olan mənzərə əsasında demokratların daha çox yer qazanacağı gözlənilir. Bu isə təbii ki, ABŞ administrasiyasının siyasətinə ciddi təsir göstərə biləcək amillərdən biri olacaq. Lakin noyabrın 3-nü gözləmək lazımdır. Seçkilərdən sonra Trampın da əl-qolu müəyyən mənada açılacaq. Çünki nəticələr tam bəlli olduqdan sonra o, yaranmış vəziyyətə uyğun olaraq növbəti addımlarını atacaq”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR