Transxəzər dəhlizində yeni mərhələ: Azərbaycan Avropa ilə Asiya arasında strateji körpüyə çevrilir?

Transxəzər dəhlizində yeni mərhələ: Azərbaycan Avropa ilə Asiya arasında strateji körpüyə çevrilir?
Kateqoriya məlum deyil
T

Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsi, beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi və qlobal geosiyasi proseslər fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti getdikcə artır. El arasında daha çox Orta Dəhliz kimi tanıdığımız bu yol Çindən və Mərkəzi Asiyadan çıxan yükləri Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən birbaşa Avropa bazarlarına çatdırır.

Orta Dəhlizin ən böyük üstünlüyü beynəlxalq yükdaşımalar üçün təhlükəsiz və etibarlı bir alternativ təqdim etməsidir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra ənənəvi şimal yollarında yaranan risklər bu marşruta olan marağı kəskin artırdı. Bura artıq təkcə malların daşındığı iqtisadi yol deyil, həm də Avrasiyada nəqliyyat təhlükəsizliyini təmin edən və ölkələri bir-birinə bağlayan mühüm geostrateji xətdir.

Bəs bu qədər vacib bir dəhliz illərlə niyə kölgədə qalıb?

Strateji əhəmiyyətinə baxmayaraq, Transxəzər dəhlizi uzun illər ərzində öz potensialından tam istifadə edə bilməyib. Bunun əsas səbəbləri arasında yolların və dəmiryollarının buraxıcılıq qabiliyyətinin aşağı olması, limanların kifayət qədər böyük həcmləri qəbul edə bilməməsi, Xəzər dənizində gəmi daşımalarının ləngiməsi, eyni zamanda sərhədlərdəki bitmək bilməyən gömrük prosedurları. Ən böyük başağrısı isə marşrut üzərindəki ölkələrin vahid bir sistemlə deyil, hərəsinin öz qaydası ilə işləməsi idi.

Bundan əlavə, uzun illər Rusiya üzərindən keçən Şimal marşrutu hamı üçün daha rahat və sınanmış yol sayılırdı. Orada logistika artıq saat kimi işləyirdi və şirkətlər risk etmək istəmirdilər. Dünya Bankının təhlilləri də təsdiqləyir ki, Orta Dəhlizin inkişafına mane olan əsas məsələ təkcə köhnə infrastruktur deyil. Əsas problem - müxtəlif ölkələrin nəqliyyat və idarəetmə sistemlərinin bir-birinə uzlaşmaması idi.

Bəs illərdir mövcud olan bu maneələri aradan qaldırmaq üçün Azərbaycan nə etdi?

Azərbaycan son illərdə Orta Dəhlizin inkişafını öz nəqliyyat siyasətinin əsas prioritetinə çevirib. Bu çərçivədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyəti artırılıb, Bakı-Tbilisi-Qars dəmir yolu xətti genişləndirilib və ölkədə yeni logistika infrastrukturu qurulub. Bununla yanaşı, təkbaşına infrastruktur qurmağın kifayət etmədiyi anlaşıldığı üçün region ölkələri ilə sıx əməkdaşlığa başlanılıb. Xüsusilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yükdaşımaları sürətləndirmək və sərhəd keçidlərini asanlaşdırmaq üçün birgə addımlar atılır. 2025-ci ilin sentyabrında hər üç ölkənin dəmir yolu qurumları arasında Transxəzər dəhlizindəki tıxacları və ləngimələri aradan qaldırmağa dair tədbirlər planının imzalanması da bu əməkdaşlığın nəticəsidir. Bu addımların əsas məqsədi Azərbaycanı sadəcə yüklərin keçdiyi tranzit əraziyə değil, Avropa ilə Asiya arasında logistikanı təşkil edən əsas mərkəzlərdən birinə çevirməkdir.

İndi Transxəzər dəhlizində rəqəmsal mərhələ başlayır.

Azərbaycanın nəqliyyat sahəsində gördüyü işlərlə yanaşı, rəqəmsal infrastrukturun inkişafı istiqamətində də mühüm addımlar atılır.

Bu baxımdan oktyabrın 15- də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin onlayn formatda istifadəyə verdiyi Trans- Xəzər Fiber- Optik Kabel Xətti xüsusi önəm daşıyır. Xəzər dənizinin dibi ilə iki ölkəni birləşdirən bu layihə "Rəqəmsal İpək Yolu" təşəbbüsü çərçivəsində reallaşdırılıb.

Sumqayıt və Aktau şəhərlərini birləşdirən kabel xəttinin uzunluğu təxminən 380 kilometrdir. Ötürücülük qabiliyyəti saniyədə 400 terabitdən çox olan bu infrastruktur Çin və Mərkəzi Asiyadan Avropaya internet və məlumatların ötürülməsi üçün etibarlı marşrut yaradır.

Bu layihənin icrası Asan olmayıb. Hələ 2019-cu ildə tikintisinə başlanılan layihənin 2021-ci ilin sonunadək təhvil verilməsi planlaşdırılsa da, maliyyə məsələləri, pandemiya çətinlikləri və texniki hazırlıqlar müddəti uzatdı. Xəzərin dibinin geoloji öyrənilməsi, təhlükəsiz marşrutun seçilməsi və xüsusi avadanlıqların hazırlanması mürəkkəb proses olduğundan layihənin tam başa çatması zaman aldı. Yeni kabel xəttinin istifadəyə verilməsi ilə Transxəzər marşrutu təkcə fiziki yüklərin daşınması üçün deyil, həm də beynəlxalq məlumat mübadiləsi baxımından əhəmiyyət qazanır.

Bəs bu layihə kimlərə sərf edəcək?

İlk növbədə, Azərbaycan və Qazaxıstan yeni rəqəmsal tranzit imkanlarından faydalana bilər. İki ölkə beynəlxalq məlumat axınlarının ötürülməsində iştirakını genişləndirmək, telekommunikasiya xidmətlərindən gəlir əldə etmək və texnologiya sahəsinə investisiya cəlb etmək imkanları qazanır.

Çin və digər Mərkəzi Asiya ölkələri üçün layihə Avropa ilə rəqəmsal bağlantıların şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Gürcüstan, Türkiyə və Avropa ölkələri isə yeni kommunikasiya marşrutunun davamı kimi əlavə bağlantı imkanlarından yararlana bilər.

Geosiyasi baxımdan layihənin diqqətçəkən tərəflərindən biri də region ölkələrinin məlumat ötürülməsi üçün alternativ marşrut əldə etməsidir. Bu, mövcud kommunikasiya xətlərindən asılılığın azaldılmasına kömək edə bilər. Bununla belə, layihənin iqtisadi nəticələri onun faktiki istifadə həcmi, tarifləri və beynəlxalq operatorlarla əməkdaşlıq səviyyəsindən asılı olacaq.

Beləliklə, Transxəzər marşrutunun inkişafı Azərbaycan üçün yalnız nəqliyyat və logistika məsələsi deyil. Yeni fiber-optik kabel xəttinin istifadəyə verilməsi ölkənin Avropa ilə Asiya arasında rəqəmsal bağlantı mərkəzlərindən birinə çevrilməsi üçün də imkan yaradır.

Sfera.az

Analtik Qrup

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR