Siyavuş Novruzov: "Bu yalnız bələdiyyələrin adlarının dəyişdirilməsi ilə bağlı deyil"
Tarixi toponimlərin bərpası və coğrafi adların milli kimliyə uyğunlaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.
Sfera.az xəbər verir ki, bu barədə danışan Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə çıxışı zamanı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və tarixi irsimizin gələcək nəsillərə ötürülməsinin dövlət siyasətinin mühüm sütunlarından olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət xalqımızın milli kimliyinin qorunmasına, tarixi yaddaşımızın yaşadılmasına və dövlətçilik ənənələrimizin daha da möhkəmləndirilməsinə xidmət edir:
“Xüsusilə xalqımızın milli kimliyini, tarixi yaddaşını və dövlətçilik ənənələrini özündə yaşadan coğrafi adların qorunması və bərpası milli irsimizə sahib çıxmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Müzakirəmizə təqdim olunan qanun layihəsi məhz bu xalq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu layihə yalnız bələdiyyələrin adlarının dəyişdirilməsi ilə bağlı texniki-hüquqi məsələ olmaqla məhdudlaşmır. O, xalqımızın milli-mənəvi dəyərini, tarixi yaddaşını və dövlətçilik ənənələrini ehtiva edən ifadəsi, milli kimliyimizin qorunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsidir”.
Onun sözlərinə görə, coğrafi adlar yalnız yaşayış məntəqələrini fərqləndirən adlar deyil, onlar xalqın tarixini, yaddaşını, mənəvi dünyasını və milli mənsubiyyətini özündə yaşadan mühüm dəyərlərdir:
“Tarixi adların bərpası milli yaddaşın qorunması, tarixi və mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu siyasətin əhəmiyyəti xüsusilə 44 günlük Vətən müharibəsindən sonra özünəməxsus şəkildə artdı. Azərbaycan Respublikasının üçrəngli bayrağımızın qaldırılması, tarixi zəfərimizin milli qürurumuzun və tarixi irsi sədaqətin mühüm göstəricisidir. Hər bir coğrafi ad xalqın yaddaşında yaşayan tarixi, gələcək nəsillərə ötürülən mənəvi mirasdır. Bu baxımdan milli kimliyimizə və tarixi köklərimizə uyğun adların bərpası, onların qanunvericilikdə ardıcıl şəkildə əks etdirilməsi təkcə hüquqi dil, həm də mühüm mənəvi, ictimai əhəmiyyət daşıyır”.
Siyavuş Novruzov sözlərinə görə, təsdiq olunan dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsinə, milli toponimik irsimizin qorunmasına, tarixi yaddaşımızın yaşadılmasına və dövlətçilik dəyərlərimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Bəsti Rəfizadə
Sfera.az






