Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi qəbul edildi

Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi qəbul edildi
Kateqoriya məlum deyil
T

Milli Məclis Dövlət Qulluğu Məcəlləsinin layihəsini üçüncü oxunuşda qəbul edib.

Sfera.az xəbər verir ki, layihə parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Yeni məcəllənin hazırlanmasında məqsəd dövlət qulluğu sahəsində qanunvericiliyi təkmilləşdirmək, mövcud normaları sistemləşdirmək və müasir insan resurslarının idarə edilməsi mexanizmlərini tətbiq etməkdir.

Hazırda dövlət qulluğu ilə bağlı münasibətlər “Dövlət qulluğu haqqında” Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. Yeni məcəllə isə bu sahədə hüquqi, təşkilati və maliyyə-iqtisadi əsasların vahid normativ aktda birləşdirilməsini nəzərdə tutur.

Məcəllə Ümumi və Xüsusi hissələrdən, 5 bölmə, 15 fəsil və 94 maddədən ibarətdir. Sənəddə dövlət qulluğunun idarə olunması, dövlət orqanlarının və vəzifələrinin təsnifatı, dövlət qulluqçularının hüquq və vəzifələri, qulluq stajı və ixtisas dərəcələri ilə bağlı məsələlər əksini tapıb.

Bundan başqa, dövlət qulluğuna qəbul, müsabiqə və müsahibələrin keçirilməsi, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi qaydaları da məcəllə ilə tənzimlənəcək.

Yeni məcəllənin qüvvəyə minməsi ilə “Dövlət qulluğu haqqında” Qanunla yanaşı, dövlət qulluqçularının iş vaxtı, əməkhaqlarına əmsalların tətbiqi, Dövlət Qulluğunu İdarəetmə Şurası və etik davranış qaydaları ilə bağlı bir sıra qanunların da qüvvədən düşməsi nəzərdə tutulur.

Digər normativ hüquqi aktların məcəlləyə uyğunlaşdırılması üçün keçid mexanizmi müəyyən edilib. Həmin aktlar yeni məcəlləyə uyğunlaşdırılanadək yalnız onun müddəalarına zidd olmayan hissədə tətbiq ediləcək.

Eyni zamanda, qüvvədə olan qanunvericilik əsasında verilmiş və etibarlılıq müddəti başa çatmamış dövlət qulluğu sertifikatlarının hüquqi qüvvəsi saxlanılacaq. Belə sertifikata malik şəxslər sənədin qüvvədə olduğu müddətdə yeni məcəlləyə əsasən keçirilən müsahibələrdə iştirak edə biləcəklər.

Məcəlləyə əlavə edilən sənədlər sırasında vəzifə təlimatının, stajorluq və sınaq müddəti ilə bağlı, eləcə də dövlət qulluğuna daimi əsaslarla təyin edilən şəxslərlə bağlanan əmək müqavilələrinin nümunəvi formaları, müsahibədə iştirak üçün müraciət forması və dövlət qulluqçusunun andının mətni də yer alır.

Qeyd edək ki, Dövlət Qulluğu Məcəlləsinin hazırlanması “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulub. Layihə Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR