"İsrailin narahatlığının səbəbi budur" - Politoloqdan AÇIQLAMA
İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Yaxın Şərqdə gərginliyin yenidən kəskinləşməsi təhlükəsinin artdığı barədə xəbərdarlıq edib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Eyal Zamir İordan çayının qərb sahilində Mərkəzi Hərbi Dairənin komandanlığı ilə keçirdiyi operativ müşavirədə regiondakı təhlükəsizlik vəziyyətini qiymətləndirib.
“Bütün cəbhələrdən daxil olan narahatedici siqnalların sayının artması və mövcud gərginlik fonunda eskalasiya ehtimalı yüksəlib”, – Baş Qərargah rəisi bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar İsrail ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri gücləndirilib və onların döyüş hazırlığı səviyyəsi artırılıb.
“Biz gözlənilməz vəziyyətlərlə üzləşə biləcəyimiz ssenarilərə də hazırlaşmağa davam edirik”, – Zamir vurğulayıb.
General regionda həssas dövrün yaşandığını qeyd edərək hərbçiləri bütün istiqamətlərdə ayıq-sayıq olmağa və döyüş hazırlığını qorumağa çağırıb.
“İsrail Müdafiə Ordusu mülki əhalimizə zərər vurmağa çalışan hər kəsə qarşı genişmiqyaslı hücum əməliyyatları keçirməyə yüksək hazırlıq vəziyyətindədir”, – o xəbərdarlıq edib.
Bəs İsrail ordusunun döyüş hazırlığını artırması nəyə işarə edir? Gərginlik hansı istiqamətdə olacaq?
Bu barədə siyasi şərhçi Şakir Ağayev Sfera.az-a açıqlama verib. O, bu prosesi paradoks adlandırıb:

“İsrail ordusunun əsas narahatlığı yaxın gələcəkdə təhlükəsizlik vəziyyətinin pisləşə biləcəyi ilə bağlıdır. Halbuki yaxın gələcəkdə vəziyyətin pisləşməsinə səbəb ola biləcək əsas amillərdən biri məhz İsrailin özüdür. Yəni qarşıdakı dövrdə baş verə biləcək eskalasiyaların kökündə İsrailin yürütdüyü aqressiv xarici siyasət dayanır. Yəqin ki, söhbət husilərdən və onların Səudiyyə Ərəbistanı ilə Yəməndəki qarşıdurmasından gedir. Bəs İsrail nəyə hazırlaşır? Yaxın gələcəkdə İranla yenidən müharibəyə başlamağa, yoxsa Qəzza zolağında yeni hərbi əməliyyatlar həyata keçirməyə? Hər bir halda, İsrail indidən özünü sığortalamağa çalışır və bildirir ki, vəziyyət pisləşərsə, bunun qarşısını almaq lazımdır. Halbuki yaxın gələcəkdə vəziyyət pisləşəcəksə, buna səbəb olacaq əsas tərəflərdən biri elə İsrailin özü ola bilər. İsrailin baş nazirinin, müdafiə nazirinin və Baş Qərargah rəisinin çıxışlarına, eləcə də davranışlarına nəzər saldıqda görürük ki, bu prosesdə əsas rol oynayan tərəflərdən biri İsrailin özüdür”.
Ekspert bu bəyanatları İsraildə keçiriləcək parlament seçkiləri ilə də əlaqələndirib:
“Bildiyiniz kimi, oktyabrın 27-də İsraildə parlament seçkiləri keçiriləcək və bu seçkilər hazırkı hökumətin, eləcə də Benyamin Netanyahunun siyasi taleyini müəyyənləşdirəcək. Buna görə də belə bəyanatlar verilə, hətta Netanyahu partiyasının qalib gəlməsi və yenidən hakimiyyətdə qalması üçün məhdudmiqyaslı hərbi əməliyyatlara başlanıla bilər. Çünki əks halda, bildiyiniz kimi, Netanyahu barəsində İsraildə cinayət işi var və seçkilərdə qalib gəlməyəcəyi təqdirdə onun həbs olunması ehtimalı da gündəmə gələ bilər. Buna görə də bu bəyanatlar İsraildəki seçkilərə hesablanmış mesaj kimi də qiymətləndirilə bilər. Mesaj ondan ibarətdir ki, guya yalnız hazırkı hökumət İsrail dövlətinin maraqlarını qoruya bilər. Yaxın gələcəkdə üç əsas istiqamətdə eskalasiya baş verə bilər. Birincisi, İranla müharibənin yenidən başlaması, ikincisi, Yəməndə husilərlə bağlı qarşıdurmanın və onların Səudiyyə Ərəbistanına qarşı hərbi fəaliyyətlərinin güclənməsi, üçüncüsü isə Qəzza zolağında İsrailin hərbi əməliyyatlarının davam etməsidir. Eskalasiya güclənərsə, qarşıdurma, təbii ki, digər ərazilərə də yayıla bilər. Əsas məqsəd və gözlənti bundan ibarətdir”.
Bəsti Rəfizadə
Sfera.az






