Rəsmi Londonun Bakı marağının səbəbi nədir?
Son dövrlərdə Böyük Britaniyanın Cənubi Qafqaz regionuna marağı artıb.
Londonun Cənubi Qafqaz ölkələri ilə əlaqələri, xüsusilə Azərbaycanla əməkdaşlığın genişləndirilməsi diqqət çəkir.
Rəsmi Londonun Cənubi Qafqaza və Azərbaycana marağının artması nə ilə bağlıdır? Bu maraq Uzunmüddətli dövrdə hansı məqsədə xidmət edir?
Siyasi şərhçi Ülviyyə Zülfiqar Sfera.az-a açıqlamasında qeyd edib ki, Böyük Britaniyanın son dövrlərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana marağının artması təsadüfi deyil və bunu daha geniş geosiyasi proseslər kontekstində qiymətləndirmək lazımdır:

“İlk növbədə, regionun beynəlxalq münasibətlər sistemində strateji əhəmiyyəti artır. Rusiya-Ukrayna müharibəsi, Avropanın enerji təhlükəsizliyi ilə bağlı çağırışları və alternativ nəqliyyat marşrutlarına ehtiyac Cənubi Qafqazı beynəlxalq güclərin diqqət mərkəzinə gətirib. Böyük Britaniya da bu proseslərdən kənarda qalmaq istəmir”.
Ü.Zülfiqar vurğulayıb ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, zəngin enerji resursları və Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilməsi London üçün ciddi iqtisadi və strateji əhəmiyyət daşıyır:
“Unutmayaq ki, Böyük Britaniya Azərbaycanla enerji sahəsində uzun illərə söykənən əməkdaşlıq təcrübəsinə malikdir. İndi isə görünən odur ki, London bu münasibətləri daha geniş iqtisadi və siyasi müstəviyə daşımaqda maraqlıdır”.
O,bildirib ki, Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi reallıqlar da mühüm məqamlardan biridir:
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində gedən proseslər, regional kommunikasiyaların açılması perspektivi və Orta Dəhlizin əhəmiyyətinin artması regionun beynəlxalq iqtisadi sistemdə rolunu gücləndirir. Böyük Britaniya yaxşı anlayır ki, Cənubi Qafqaz böyük iqtisadi imkanların cəmləşdiyi strateji məkandır. Bu baxımdan Londonun Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyi həm də regionda gedən proseslərdə daha fəal iştirak etmək niyyəti ilə izah oluna bilər”.
Politoloqun fikrincə, Böyük Britaniya Cənubi Qafqazda öz iqtisadi və diplomatik mövqelərini möhkəmləndirməyə çalışır. Azərbaycan isə müstəqil xarici siyasət yürüdən, müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edən və regional layihələrin həyata keçirilməsində mühüm rol oynayan dövlət kimi London üçün əhəmiyyətli tərəfdaşdır:
“Uzunmüddətli perspektivdə Böyük Britaniyanın əsas məqsədlərindən biri Cənubi Qafqazda davamlı siyasi və iqtisadi iştirakını təmin etmək, enerji və nəqliyyat layihələrində mövqelərini qorumaq, eyni zamanda yeni investisiya imkanları əldə etməkdir. Xüsusilə yaşıl enerji, rəqəmsal texnologiyalar, infrastruktur, maliyyə və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur”.
Ü.Zülfiqar xüsusilə qeyd edib ki, London üçün Cənubi Qafqaz Mərkəzi Asiyaya çıxış baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan bu iki region arasında əsas əlaqələndirici məkanlardan biri olduğuna görə onunla münasibətlərin inkişafı Böyük Britaniyanın daha geniş Avrasiya strategiyasına xidmət edə bilər:
“Ölkəmizin tranzit imkanları, regional diplomatiyada fəallığı və müxtəlif siyasi mərkəzlərlə dialoq aparmaq potensialı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Bu baxımdan Britaniya-Azərbaycan münasibətlərinin inkişafı qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli strateji əməkdaşlığın daha da genişlənməsinə zəmin yarada bilər”.
Bu əməkdaşlığın gələcək istiqaməti tərəflərin qarşılıqlı maraqlarının nə dərəcədə uzlaşmasından və mövcud imkanların konkret layihələrə çevrilməsindən asılı olacaq.
Fatimə Ələkbər
Sfera.az






